Son yeniləmə: 14 Mart 2023 12:24
Dilqəm Şərifov: Suyun bölüşdürülməsi aidiyyəti qurumlar tərəfindən koordinasiyalı şəkildə idarə edilir
BAYRAQDAR MEDİA – “Son günlər Mingəçevir su anbarına saniyədə orta hesabla 240 m3 (500-600 m3 gözlənildiyi halda) su daxil olur və su anbarından Kür çayına 120 m3, eyni zamanda Yuxarı Qarabağ kanalına 70 m3 və Yuxarı Şirvan kanalına 41 m3 suyun buraxılması təmin olunur”.
Bunu BAYRAQDAR MEDİA-ya martın 14-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.
O, qeyd edib ki, Mingəçevir su anbarından aşağıda Kür çayı boyunca 12 rayonun ərazisində 252 ədəd nasos stansiyaları vasitəsilə 248 min hektar, Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının xidməti ərazilərində 250 min hektar, ümumilikdə 500 min hektara yaxın əkin sahələrinin suvarılması ilə yanaşı, əhalinin kommunal-məişət ehtiyaclarının, içməli su məqsədilə modul tipli su təmizləyici qurğulara və mal-qaraya suyun verilməsi təmin edilir: “Mingəçevir su anbarı bir mövsümlük deyil, çoxillik nizamlanan su anbarı olduğundan su anbarına yığılan və ondan verilən sular bir neçə ili əhatə edən dövr ərzində nizamlanmalıdır. Suyun bölüşdürülməsi aidiyyəti qurumlar tərəfindən koordinasiyalı şəkildə idarə edilir. Su anbarına daxil olan suyun nizamsız olaraq çayın aşağı axınına və magistral kanallara verilməsi yay aylarında kənd təsərrüfatı bitkilərinin intensiv suvarılması dövründə çox ciddi çətinliklər yarada bilər. Hazırda çayın mənsəbində yerləşən rayonlara suyun verilməsində qısa müddət ərzində yaranmış çətinliklər aradan qaldırılır”.