Press "Enter" to skip to content

Ermənilər Azərbaycanın xoş məramını növbəti dəfə sabotaj etdi

Azər Həsrət Şuşada. 16 aprel 2022

BAYRAQDAR MEDİA – Martın 13-də Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni icmasının nümayəndələrini reinteqrasiya və infrastruktur məsələlərinin müzakirəsi üçün Bakıya dəvət etmişdi. Azərbaycanın bu xoş məramının yenə də ermənilər tərəfindən sabotaj ediləcəyi gözlənilirdi. Amma az da olsa ümid vardı ki, onlar nəhayət ki, bu qalıcı sülh şansını dəyərləndirəcəklər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Olmadı. Daha doğrusu, bu dəfə də həmişəki kimi oldu. Ermənilərin başbilənləri yenə də təmasları əngəllədi. Özü də bunu edərkən yalanlar da uydurdular.

İddia edildi ki, Azərbaycan tərəfi belə bir açıqlama versə də ermənilərə birbaşa müraciət etməyib. Halbuki rəsmi Bakı bu təklifi ictimailəşdirməzdən öncə ermənilərə müvafiq təmsilçi vasitəsilə təklifi təqdim edib. Yalnız bundan sonra məsələ ictimailəşdirilib.

Belə bir durumda Azərbaycanın tək bir çıxış yolu qalır. O da erməniləri sülhə məcbur etməkdir. Bu məcburetməyə dirəniş göstərəcək olanlar isə dəmir yumruğu təpələrində hiss etməli olacaqlar.

Kənar müşahidəçilər deyə bilər ki, başqa yol yoxdurmu? Yoxdur. Çünki Azərbaycan dövləti fasiləsiz olaraq erməni təxribatlarına dözmək, onların nazı ilə oynamaq fikrində deyil. Və buna məcbur da deyil.

Demək istədiyimiz odur ki, Azərbaycanın məsələləri dinc yolla həll etmək üçün növbəti dəfə ifadə etdiyi xoş məram elə erməni başbilənlər tərəfindən də növbəti dəfə sabotaj edildi. Belə bir şəraitdə artıq bizi heç bir beynəlxalq qurumun, xarici dövlətin ittiham etməyə haqqı qalmır.

Bundan sonra atılacaq addımlar da əvvəlcədən bəllidir, aydındır. Azərbaycan Prezidenti öz çıxışlarında dəfələrlə deyib ki, dövlətin siyasəti Qarabağdakı dinc erməni əhalini tezliklə reinteqrasiya və normal düzəni bərpa etməyə yönəlib. Eyni zamanda o da deyilib ki, Azərbaycan bayrağı altında yaşamaq istəməyən ermənilər üçün Laçın yolu tək tərəfli açıqdır. Yəni bir daha dönməmək şərti ilə Azərbaycan torpaqlarını tərk edə bilərlər. Hətta bu işdə dövlət onlara logistika dəstəyi də verə bilər…

Bu gəlişmələr eyni zamanda erməni havadarlarının da dilini qısa edəcək. Çünki onlar bir qayda olaraq tələb edirdilər ki, Azərbaycan dinc ermənilərlə danışsın, anlaşsın. Azərbaycan da növbəti dəfə buna hazır olduğunu əməldə göstərmiş oldu. Nəticə isə gözlənildiyindən fərqli olmadı. Xoş üz göstərilən ermənilər bir az da hədsizlik edə biləcəklərini düşündülər. Necə ki, illər uzunu belə davranıb yerlərini möhkəmləndirirdilər.

Amma budəfəki həna o hənadan deyil. İndi Azərbaycanın ermənilərə əl uzatdığını dünyaya göstərmək lazım idi ki, sonrakı proseslərdə kimsə bizi qınamasın. Yəni günah bizdən getdi…

Və sonda: Azərbaycan ictimai rəyi də bu mərhələdə dövlətin arxasında olmalıdır. Özü də bölünmədən, parçalanmadan, ikitirəlik yaratmadan. Çünki bədxahlarımızın məqsədi onsuz da bizi parçalamaq və beynəlxalq müstəvidə əlimizi zəiflətməkdir. Belə bir şansı heç kimə, özəlliklə də ermənilərə verməməliyik…

Mission News Theme by Compete Themes.