Press "Enter" to skip to content

Azərbaycanda investisiya qoymaq üçün münbit şərait var

Yasir Dumlupınar

Son yeniləmə: 14 Mart 2023 17:26

Yasir Dumlupınar: Azərbaycan Türkiyə iş adamları üçün Rusiya və Orta Asiyanın türk respublikalarına açılan bir qapıdır

BAYRAQDAR MEDİA – “Azərbaycana səfərimizdə məqsəd buraya investisiya qoymaqdır. Bu gün açılışı edilən şöbələrimizlə bağlı, daha dəqiq desək, qardaş ölkəyə investisiya qoymaqla bağlı ilk dəfə iki il öncə İBF forumu çərçivəsində müzakirə aparmışdıq. Həmin vaxt MÜSAİD-Azərbaycandan Azərbaycana investisiya qoyulmasına dair təkliflər aldıq və onları dəyərləndirərək, bu qərarı verdik”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında MÜSİAD Seydibey başqanı Yasir Dumlupınar deyib.

Onun sözlərinə görə, Azərbaycana investisiya qoymaqdan məmnundurlar: “Azərbaycan Türkiyənin iş adamlarına investisiya qoymaq üçün gözəl bir yerdir. Azərbaycanda investisiya qoymaq üçün münbit şərait var. Düzdür, burada türk iş adamları sərmayə qoyublar. Amma hesab edirəm ki, bu sərmayələrin və iş adamlarının sayı artmalıdır. Azərbaycan dövləti də bizim üçün lazım olan bütün şəraiti yaradıb”.

Yasir Dumlupınar (soldan birinci) Bakıdakı açılış mərasimində
Yasir Dumlupınar (soldan birinci) Bakıdakı açılış mərasimində

Y.Dumlupınar bildirib ki, Türkiyədən olan iş adamlarının Azərbaycana sərmayə qoymasını zəruri edən bir başqa səbəb də alıcıların etibarı məsələsidir: “Burada Avropa məhsullarından daha çox Türkiyə məhsullarına güvənir və dəyər verirlər. Ümumiyyətlə Türkiyəyə bir inam var. Bu inamdan irəli gələrək Türkiyədən olan iş adamları İstanbula sərmayə qoyurlarmış kimi, asanlıqla və heç bir tərəddüd etmədən Azərbaycana sərmayə qoya bilərlər. Yəni heç bir şeydən çəkinməsinlər və sadəcə gəlib, Azərbaycana sərmayə qoysunlar. Eyni zamanda, bunu da unutmasınlar ki, Azərbaycan Türkiyə iş adamları üçün Rusiya və Orta Asiyanın türk respublikalarına açılan bir qapıdır. Burada istehsalla məşğul ola və istehsal etdikləri məhsulları asan bir şəkildə Rusiyaya, o cümlədən Orta Asiyanın türk respublikalarına ixrac edə bilərlər”.

Y.Dumlupınar onu da qeyd edib ki, Azərbaycana qoyduqları bu sərmayə ilk addımdır: “Bizim Azərbaycanda uzun müddətli və geniş bir sərmayə planlarımız var. İlkin olaraq Bakıdan başladığımız sərmayə qoyuluşu, yeni şöbələrin açılmasını tezliklə digər şəhər və rayonlarda gerçəkləşdirməyi düşünürük. Grin Bax markasını bütün Azərbaycana yaymaq istəyirik. Azərbaycanlı iş adamlarını bizimlə əməkdaşlığa dəvət edirəm. Eyni zamanda, Türkiyədəki kimi burada da istehsalla məşğul olmaq imkanlarımızı nəzərdən keçirəcəyik. Əgər işlər istədiyimiz kimi getsə Azərbaycanda istehsal edəcəyimiz məhsulları Rusiyaya və digər ölkələrə ixrac edəcəyik. Uzun müddətli planımız budur”.

“Hər bir görüş yeni bir görüşə, hər bir sərmayə yeni sərmayələrə təkan verir. Siz MÜSİAD-Azərbaycanın dəvətini dəyərləndirib, bura sərmayə qoydunuz. Bəs, şəxsən sizin təşəbbüsünüzlə də digər iş adamları bura gələ bilərmi” sualımızı isə müsahibimiz bu cür cavablandırdı: “Təbii ki, bundan şübhəniz olmasın. Bir faktı deyim. MÜSİAD da mənim rəhbərlik etdiyim şöbənin 50 iş adamı üzvü var. Özü də bu iş adamları müxtəlif sahələrdə istehsalla məşğuldurlar. Bizdən sonra zatən onlar da burada iş qurmaq, bura sərmayə qoymaq istəyəcəklər. Üstəlik də biz bu məsələdə təşviqedici rol oynayacayıq”.

Mission News Theme by Compete Themes.