BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin Almaniya səfəri başa çatıb. Səfər çərçivəsində Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə həm təkbətək, həm də heyətlərarası görüş keçirilib.
Eyni formatda görüşlər Kansler Olaf Şoltsla da olub.
Prezident Əliyev eyni zamanda Almaniyanın iş adamları ilə görüş keçirib, Azərbaycandakı iş imkanları haqqında fikir mübadiləsi aparıb.
Ümumiyyətlə isə Prezidentin Almaniya səfəri, səfərin zənginliyi və gündəliyin intensivliyi ondan xəbər verir ki, bu ölkə Azərbaycanı yenidən kəşf etməyə hazırlaşır.
Bu isə təsadüf deyil.
İş ondadır ki, Almaniya bir qayda olaraq həm Güney Qafqaz, həm də Orta Asiya siyasətini Moskva üzərindən gerçəkləşdirib. Amma Rusiyanın Ukraynaya əsassız və səbəbsiz hərbi təcavüzü bu ölkəylə bütünlükdə Avropa arasında münasibətləri tarıma çəkib və alternativ zərurəti yaranıb.
Belə anlaşılır ki, Almaniya həmin alternativi Azərbaycanın timsalında görür. Bu da təsadüfi seçim deyil və ola bilməz.
Almaniya rasional xarici siyasət yürüdən bir dövlətdir. Belə bir dövlət əgər Azərbaycanın üzərində dayanır, perspektivi onunla şərtləndirmək seçimi edirsə, demək ki, ölkəmiz çox ciddi irəliləyiş əldə edib. Həm də nəzərə alaq ki, Rusiya kimi nəhəng bir dövlətdən imtina fonunda Azərbaycan kimi olduqca kiçik dövlətin seçilməsi bizim nə qədər əhəmiyyətli bir dövlətə çevrildiyimizi təsdiq edir.
Bu səfərdə daha bir diqqət çəkən məqam da Almaniyanın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində Avropa Birliyinin Brüssel formatına isti yanaşmasıdır. Yəni Almaniya da digər ciddi dövlətlər kimi Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını qəbul edir və Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasını vacib sayır.
Əlbəttə, belə gəlişmələr bir daha təsdiq edir ki, Azərbaycan sözdə deyil, əməldə öz mövqelərini möhkəmləndirib və möhkəmləndirməyə davam edir. Təbii ki, bütün bunlar Prezident Əliyevin düzgün xarici siyasət kursu seçməsi sayəsində baş verir.