BAYRAQDAR MEDİA – Sürgündəki Tatarıstan Hökumətinin Baş naziri Rafis Kaşapov 2023-cü il oktyabrın 14-də Nyu Yorkda dünya tatarlarının birinci xalq qurultayının keçiriləcəyi ilə bağlı təşəbbüslə çıxış edib.
Bu haqda xəbəri o, özünün şəxsi bloqunda paylaşıb.
Qurultayda tatar xalqının milli özünüdərk və siyasi fəallığının müzakirə edilməsi nəzərdə tutulur.
R.Kaşapov bildirib ki, qurultay tatar xalqının taleyinə biganə olmayan hər kəsə açıqdır. Ona görə də bu məsələlərdə fikri-mövqeyi olan şəxslər qurultaya qatıla biləcəklər.
Qurultayın təşəbbüskarları bu tədbiri, əslində, Rusiyanın dağılmasından sonra meydana çıxacaq müstəqil Tatarıstan dövlətinə hazırlıq kimi görür.
R.Kaşapov yaydığı məlumatda qurultayda müzakirə ediləcək istiqamətlərlə bağlı da fikirlərini paylaşıb.
Qurultayın əsas məqsədi tatar xalqının bütünləşməsinə töhfə vermək olacaq. Digər bir məqsəd ümumxalq səsverməsi yoluyla müstəqil Tatarıstanın prezidentinin və parlament tərkibinin seçilməsidir.
İqtisadi məsələlər də müzakirə ediləcək. Tatar dili, tatarca təhsil və qəbul imtahanları, həmçinin “Tatar ailəsi ili”nin elan edilməsi qurultayın müzakirəsinə veriləcək.
Təşəbbüskarlar eyni zamanda dünyanın müxtəlif yerlərində tatar milli-mədəni muxtariyyətlərinin qurulmasını da nəzərdə tutur.
24 saat efirdə olacaq tatar TV kanalının qurulması, Kazanda 1552-ci ildə şəhəri rus işğalçılarından qoruyarkən həlak olmuş tatar övladlarına abidə qoyulması, “Tatar xalqının qısa tarixi və onun dövlətçiliyi” adlı kitabın nəşri də müzakirə mövzusudur. Kitab tatar, türk, ingilis və rus dillərində nəşr ediləcək.
O da bildirilir ki, qurultaydan bir gün sonra – oktyabrın 15-də Rusiyanın Vaşinqtondakı səfirliyi önündə 1552-ci ildə İvan Qroznının Kazanı işğalı sırasında həlak olmuş tatarların xatirəsinə (Xətir günü) həsr edilmiş aksiya keçiriləcək.