Press "Enter" to skip to content

Generaldan İrana: Səbr kasamızı daşdırmasınlar

Dr. Yücel Karauz

Son yeniləmə: 13 Mart 2023 09:46

Dr. Yücel Karauz: İran bilməlidir ki, Azərbaycanın və Türkiyənin səbrinin də bir sərhədi vardır

BAYRAQDAR MEDİA – “İran hərbi təyyarəsinin Azərbaycan sərhədinə yaxın ərazidə, zaman-zaman isə Azərbaycan sərhədinin üstündə uçması, özü də 2 dəqiqə, 3 dəqiqə deyil, tam 45 dəqiqə hava sərhədini pozması heç də xoş niyyət, dost yanaşması deyil”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Xatırladaq ki, martın 11-də İrana məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, “hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə zidd olaraq, İran İslam Respublikasının hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir”.

İranın hərbi təyyarəsi Azərbaycan sərhədi boyunca uçuş keçirib

Dr. Y.Karauz bildirib ki, beynəlxalq hüquq baxımından hava sərhədi pozulduğu təqdirdə sərhədi pozulan ölkə lazım olan tədbirləri görmək hüququna sahibdir: “Yəni hava sərhədini pozan xarici ölkə təyyarələrinə öncə xəbərdarlıq edilir, nəticə olmazsa, o zaman hərbi addıma əl atılır. İndiki halda biz İran tərəfindən Azərbaycana qarşı hibrid savaşın bir elementini görürük. Özü də bu, düşməncəsinə bir addımıdır. Bu baxımdan, əgər İran tərəfindən oxşar təxribat təkrar olunarsa, o zaman Azərbaycan beynəlxalq hüquq çərçivəsində lazımi cavabı verə bilər”.

Müsahibimizin sözlərinə görə, təxribat davam edərsə, o zaman ikinci bir addım kimi bəlli ərazi uçuşa yasaq ərazi elan edilə bilər: “Bunun Bosniya və Herseqovina, həcminin, Liviya təcrübəsi var. Onu da deyim ki, bu, Azərbaycana qarşı İranın heç də ilk hərbi təxribatı deyil. Vaxtı ilə İran Azərbaycana qarşı hərbi təxribata, hədəyə əl atarkən, Hüseyn Kıvrıkoğlu Genel Kurmay Başqanı olan zaman “Türk Ulduzları” Bakıya gələrək onlara gərəkli cavabı vermişdi”.

Müsahibimiz vurğulayıb ki, İranın növbəti təxribatının baş vermə zamanı da diqqətdən yayınmamalıdır: “Türkiyə seçkilərə hazırlaşır, Ermənistan Azərbaycana qarşı yenidən hərbi təxribatlar edir və belə bir vaxtda İran məlum təxribata əl atır. Hesab edirəm ki, bu heç də təsadüfi deyil. Bu, İran tərəfindən həm Azərbaycana, həm də Türkiyəyə qarşı sərgilənən düşmən mövqedir. Bunun da mütləq bir cavabı olacaqdır. Bundan öncəki açıqlamalarımda da dediyim kimi, Şuşa Bəyannaməsinin tələblərindən irəli gələrək, Azərbaycana qarşı edilən hər hansı hücum, hər hansı düşmən davranış Türkiyəyə qarşı atılmış addım kimi dəyərlənidirilir. İran da bunu bilə-bilə bu təxribata əl atır. Amma İran da bilməlidir ki, Qafqazın ən güclü ordusuna sahib Azərbaycanın və Türkiyənin səbrinin də bir sərhədi vardır. Səbr kasamızı daşdırmasınlar”.

Mission News Theme by Compete Themes.