BAYRAQDAR MEDİA – Azərbaycan dövlətçilik tarixində, dövlətin inkişafında, ictimai-siyasi mühitin formalaşmasında təhsilli qadınların xüsusi yeri var.
Azərbaycanda qadınların təhsil alması, qadınlar arasında savadsızlığın aradan qaldırılması, qadın sağlamlığı, onların iqtisadi azadlığının təmin olunması məsələləri daim öz aktuallığını saxlayıb.
Ölkəmizdə ən çox mübahisələndirilən problemlərdən biri də gender bərabərliyidir. Təəssüf ki, gender bərabərliyi dedikdə diqqətimizi qadın hüquqlarına yönəldirik. Əslində isə gender bərabərliyi qadınların və kişilərin bərabər təhsilini, cəmiyyətin iqtisadi, siyasi və sosial həyatda eyni səviyyədə təmsil olunmasını ehtiva edir.
Qadın istər ailədə, istərsə də cəmiyyətdə özünü ifadə etmək istəyirsə, mütləq təhsil almalı, peşə öyrənməli, sənətə yiyələnməli, iqtisadi cəhətdən təmin olunmalıdır.
Qadın sahibkarlığının və xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı qadının “iş axtaran” statusundan “iş yerləri yaradan” statusuna keçməsinə imkan yaradar.
İkincisi, qadının iqtisadi cəhətdən güclü olması onun zorakılığa məruz qalma riskini azaldır.
“Müasir Cəmiyyət və Qadın Hüquqları” İctimai Birliyinin layihə rəhbəri Xanım Əhmədzadə bildirir ki, “hər bir qızın, qadının mükəmməl təhsil alması üçün ölkəmizdə çox geniş resurslar mövcuddur. Müəyyən səbəblərdən təhsildən yayınan qızlarla bağlı da dövlət müxtəlif motivasiyalı proqramlar, preventiv tədbirlər həyata keçirir və problemin qarşısının alınmasına dəstək olunur. Çox təəssüf ki, hələ də “oxutmuram, əl çəkin” prinsipi ilə yaşayan valideynlər, təhsildən yayındırılaraq erkən nikaha vadar edilən, arzuları yarımçıq qalmış azyaşlı qızlar var. Erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır. Həm də yeniyetmələrdə səbirsizlik, dözümsüzlük faktoru yüksək olduğundan, ailədə istənilən problemin ağırlığı altında depressiyalara, bəzən hətta ağır psixi pozuntulara daha çox məruz qalırlar”.
X.Əhmədzadə deyir: “Cəmiyyətdə baş verən bu kimi problemləri nəzərə alaraq, hazırda bizim İctimai Birlik Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Təhsilli qadın təhsilli cəmiyyətin təməlidir” adlı layihəni icra edir. Layihənin müddəti 4 aydır və 01 fevral 2023-cü il tarixindən icrasına başlanılıb. Maarifləndirmə tədbirləri Bakı və Bakıətrafı kəndlərdə yaşayan hədəf qrupu üçün nəzərdə tutulub. Layihənin əsas ideyası qızlar arasında təhsildən yayınma hallarının səbəblərinin öyrənilməsi və maarifləndirmə tədbirlərinin təşkil edilməsidir. Layihə bu problemin həll olunmasına kömək etməkdən, yaranma səbəblərini ictimaiyyətin özündən öyrənməkdən, təşəbbüslərini müvafiq dövlət orqanlarına, cəmiyyətə çatdırmaq məqsədilə maarifləndirmə tədbirləri təşkil etməkdən, belə hallarla üzləşmiş qızlar və ailələri ilə görüşlər keçirməkdən bəhs edir. Layihənin nəticəsi olaraq əsas gözləntimiz qızlar arasında təhsildən yayınma hallarının azalmasına nail olmaq, bu problemin səbəblərini öyrənmək və aradan qaldırılmasına dəstək olmaqdır”.
“Qadın cəmiyyətin güzgüsüdür, problemləri əks etdirən güzgünü sındırmaq yox, ədalətli və düzgün həll yollarını tapmaq lazımdır”, – deyə X.Əhmədzadə bildirir.