Son yeniləmə: 13 Mart 2023 19:33
BAYRAQDAR MEDİA – Bakı Yunus Emre İnstitutunda qardaş ölkənin tanınmış şairi Mehmet Akif Ersoyun 150 illik yubiley və “İstiqlal” marşının qəbulunun 102-ci il dönümü ilə əlaqədar tədbir keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya martın 13-də Bakı Yunus Emre İnstitutundan məlumat verilib.
Bildirilib ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Dos. Dr. Cahit Bağçı, BDU-nun şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Xarici Dillər Universitetinin Türkiyə araşdırmaları mərkəzinin direktoru Elçin İbrahimov və Pedaqoji universitetin Türkiyə mərkəzinin direktoru Elman Quliyev iştirak ediblər.
Tədbirdə çıxış edən Bakı Yunus Emre İnstitutunun direktoru Selçuk Karakılıç Mehmet Akif Ersoy yaradıcılığının qardaş ölkə üçün önəmindən bəhs edib. O, bildirib ki, Mehmet Akif Ersoy “İstiqlal” marşından əlavə, “Safahat” şeirini yazan önəmli bir şairdir: “Bu baxımdan, biz onu anmaq və yeni nəsillərə tanıtmaq üçün bu tədbiri təşkil etdik. Ancaq bilirsiniz ki, bütün dünyada bu cür böyük şairlər böyük tədbirlərlə anılır. Türkiyədə baş verən zəlzələlərə görə bu tədbiri geniş şəkildə keçirə bilmədik”.
S.Karakılıç bildirib ki, 150 illik yubileylə əlaqədar azərbaycanlı heykəltaraş tərəfindən Mehmet Akif Ersoyun büstü hazırlanıb.