Son yeniləmə: 13 Mart 2023 16:46
Nadir İsmayılov: Fransanın bu qeyri-demokratik hərəkəti, Korsika dilinin məhv olmasına yönəlik siyasəti AŞPA-da araşdırılmalıdır
BAYRAQDAR MEDİA – “Təəssüflər olsun ki, bu gün müasir dünyada biz ikili standartlara, belə demək mümkünsə, bəzi Qərb ölkələrinin ikiüzlü siyasətinə daha çox rast gəlirik. Fransanın isə bu baxımdan ilk yerlərdən birində dayandığını deyə bilərik”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir İsmayılov deyib.
Onun sözlərinə görə, gecə-gündüz başqa ölkələrin daxili işlərinə yersiz müdaxilələr edən, başqa ölkələrdə guya azadlıq, demokratiya, insan haqları uğrunda mübarizə apardığını iddia edən Fransanın özündə bu prinsiplərin hamısı kobud surətdə pozulur: “Heç uzağa getməyək. Bu gün Korsika dilinə yanaşma Fransanın nə dərəcədə “demokratik”, nə dərəcədə “başqa xaqların dilinə hörmət edən” ölkə olduğu barədə aydın təsəvvür yaradır. Mən Korsikanın uzun illər müstəqillik uğrunda apardığı mübarizəni bir kənara qoyuram (halbuki Fransanın Qarabağdakı erməni separatçıları ilə bağlı əsassız mövqeyi haqlı olaraq eyni yanaşmanın niyə Korsikaya tətbiq edilmədiyi sualını yaradır – N.A), vurğuladığım kimi təkcə elə dil məsələsinə münasibət rəsmi Parisin azsaylı xalqlara yanaşmasını ortaya qoyur. Məlumat üçün bildirim ki, Korsika dilinin fransız dili ilə yanaşı əyalətdə ortaq rəsmi dil olması uzun illər təkcə millətçilərin deyil, həmçinin adanın rəhbərliyinə seçilənlərin də tələbi olub. Korsika dilinin fransız dili ilə eyni şəkildə tanınması hazırkı tələblərin də əsasını təşkil edir. Onu da qeyd edim ki, Korsika dili UNESCO tərəfindən yox olmaq təhlükəsi altında olan dillər qrupuna daxil edilib. Bu dildə təxminən 150 min insan danışır”.
N.İsmayılov deyib ki, lakin rəsmi Paris, şəxsən Prezident Emmanuel Makron korsikalıların öz dillərindən istifadəsinə qarşı çıxır: “Məlumat üçün bildirim ki, seçki kampaniyası çərçivəsində ilk dəfə adaya səfər edən E.Makron Regional Dillər üzrə Avropa Xartiyasının ratifikasiyasını üzərinə götürməsinə baxmayaraq demişdi: “Respublikanın dili fransız dilidir və bu, Konstitusiyamızda təsbit olunub. Bu dəyişməməlidir”. Bununla da regional Korsika dili ilə bağlı millətçilərin tələbinə son qoyulub”.
QHT rəhbəri onu da vurğulayıb ki, Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dillərində olduğunu bildirən prosedur qaydalarının müddəalarını ləğv edib: “Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyanın 2-ci maddəsinə ziddir. Lakin bu da son deyil. Dil məsələsi ilə yanaşı məhkəmə Korsika xalqının mövcudluğunu müəyyən edən yerli qaydaların da anti-konstitusion olması barədə qərar verib. Düzdür, aparıcı siyasətçilər məhkəmə qərarını dərhal tənqid ediblər, bu qərarı “utancverici” adlandırıblar. Adanın icra şurası və Korsika Assambleyasının sədrləri bildiriblər ki, bu qərar Korsika parlamenti üzvlərini debatlar zamanı öz dillərində danışmaq hüququndan məhrum etmək deməkdir. Adanın seçilmiş məmurları apellyasiya şikayəti veriblər. Məmurlar Korsika dilinin yaşaması və inkişafı üçün fransız dili ilə yanaşı, ona da rəsmi status verilməsinin lazım olduğunu söyləyiblər. Öz növbəsində BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varen özünün Twitter hesabında müvafiq qərarın ədalətsiz olduğunu qeyd edib. O, “Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair hökm ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır, çünki ingilis dili dövlət universitetlərində də istifadə olunur, lakin Korsika dili qadağandır”, – deyə bildirib”.
N.İsmayılov deyib ki, rəsmi Paris bütün bunları görməzdən gəlir: “Nəticədə də təxminən 150 min nəfərin danışdığı Korsika dili yox olmaq təhlükəsi ilə üz-üzədir. Bir sözlə, Korsika dilinin istifadəsinə qoyulan qadağalar ada əhalisinin dil, mədəniyyət və bütövlükdə milli kimliyi ilə bağlı hüquqlarına qarşı rəsmi Parisin ayrıseçkilik siyasətinin bir hissəsidir. Bu siyasət universal insan haqları və milli azlıqların hüquqları ilə bağlı Fransanın beynəlxalq öhdəliklərinin açıq-aşkar və güc tətbiqi ilə pozulmasıdır. Göründüyü kimi özünün siyasi maraqları naminə dünyanın müxtəlif regionlarında separatçılığa açıq dəstək göstərən Fransa öz ərazilərində nəinki müstəqillik və muxtariyyət, hətta ən məhdud formada milli azlıqların mədəni hüquqlarının həyata keçirilməsinə imkan vermir, təzyiqlər, hədə-qorxu, iqtisadi təsir mexanizmləri, zorakılıq, həbslər, qətllər yolu ilə belə meyllərin qarşısını alır”.
İctimai Birliyin sədri sonda, “mən AŞPA-dakı nümayəndə heyətimizə səslənirəm. Onlar növbəti iclasların birində Fransanın bu qeyri-demokratik hərəkəti, Korsika dilinin məhv olmasına yönəlik siyasətinin araşdırılması üçün məsələ qaldırsalar yaxşı olar. Hesab edirəm ki, Fransanın bu əməllərinin araşdırlması üçün AŞPA-nın məsələ üzrə xüsusi məruzəçisi də ayrıla bilər” deyə əlavə edib.