Press "Enter" to skip to content

Vahid və daha güclü Türkiyə uğrunda!

Nadir Azəri

Son yeniləmə: 10 Aprel 2023 10:48

“Millet İttifakı”ndan fərqli olaraq “Cumhur İttifakı” bölücü deyil, qurucu addımlarla seçkilərə gedir

BAYRAQDAR MEDİA – “Öncə onu deyək ki, bu seçkilər bu il 100 yaşı olacaq Türkiyə Cümhuriyyəti üçün strateji və tarixi önəm daşıyacaq. O baxımdan ki, seçkilərdə qalib gələcəyi təqdirdə – hazırda bu qalibiyyətin olacağına inanmayanlar olduqca az saydadır – indiki Cümhurbaşqanı Recep Tayyip Erdoğan 2023-cü ildən sonrakı layihələrin icrasını rahatlıqla və bir daha xalqdan mandat alaraq reallaşdıra biləcək. Yox, əgər müxalifətin namizədi qalib gələcəksə, o zaman R.T.Erdoğanın baş nazir, sonra da Cümhurbaşqanı olduğu dövrdən bu günə kimi reallaşdırılan layihələr, o cümlədən dünya düzənində Türkiyənin nüfuzunun artmasına hesablanmış addımlar, bir növ, dayandırılacaq. Çünki indiki müxalifətin yanaşmasına, müxalifət liderlərinin açıqlamalarına, həmçinin nəinki Türkiyənin, ümumilikdə türk dünyasının gələcəyinə hesablanmış strateji layihələrə qarşı səslənən bəyanatlara nəzər yetirsək, onu deyə bilərik ki, müxalifətin qalib gələcəyi təqdirdə bugünkü layihələrin taleyi sual altına düşəcək”.

“Milli Şura”ya bənzəyən “Millet İttifakı”

Yuxarıda qeyd etdiyimiz parça 10 ay öncə, 2022-ci il mayın 10-da qələmə aldığımız “Milli Şura”ya bənzəyən “Millet İttifakı” adlı köşə yazımızdan götürülüb. Ötən 10 ay ərzində qardaş ölkədə cərəyan edənlər nəinki müxalifətlə bağlı ehtimallarımızın təsdiqini tapması ilə nəticələnib, hətta bu düşərgədə Türkiyənin gələcəyi üçün daha da vahiməli planların mövcudluğunu ortaya qoyub.

Öncə ondan başlayaq ki, həmin köşədə “Millet İttifakı”nı ağız-ağıza yatmış qurdlar süfrəsi kimi dəyərləndirmişdik. Qeyd etmişdik ki, bu qurdlar kiçik bir fürsət düşən kimi qarşısındakını parçalamağa hazırdır.

Yeri gəlmişkən, ötən həftə vahid namizədlə bağlı yaranmış narazılıqdan sonra CHP genel başqanı Kemal Kılıçdaroğlunun sosial media hesabında “Süfrəmizi böyütməyə davam edəcəyk” mesajlı video paylaşması da 10 ay öncə “Millet İttifakı”nı “ağız-ağıza yatmış qurdlar süfrəsi” kimi dəyərləndirməkdə heç də yanılmadığımızı ortaya qoyur.

Həmçinin, “Millet İttifakı”nın ortaya çıxmasının Qərbdəki bəzi güclərin, yumşaq desək, xoşuna gəldiyini vurğulamışdıq.

Ötən 10 ay ərzində, xüsusilə də son bir həftədə “Millet İttifakı”, yaxud da başqa adı ilə decək “Altılı Masa”da cərəyan edənlər hər iki ehtimalın öz təsdiqini tamamilə tapdığını deməyə əsas verir.

Birincisi, bu ittifaqda təmsil olunanlar cümhurbaşqanlığına vahid namizədi müəyyən etmək üçün xeyli enerji sərf etdilər. Hətta Azərbaycanın məşhur “O olmasın, bu olsun” filmində olduğu kimi, vahid namizəd üstündə bu ittifaqdan axşam küsüb ayrılan, amma sabah hansısa “fövqəladə qüvvə”nin təsiri, yaxud da təzyiqi ilə uslu şəkildə geri dönənlər oldu.

Yəqin proseslərə yaxından bələd olanlar söhbətin İYİ Partinın genel başqanı Meral Akşenerin cəmi bir günlük ömrü olan etirazlı gedişindən getdiyini bildilər. Bir gün əvvəl böyük səs-küylə, yetərincə ciddi etirazla “Altılı Masa”dan ayrılan Meral xanım cəmi bir gün sonra, türk qardaşlarımız demiş, moralı bozulmuş halda masaya qayıtdı, yaxud da qaytarıldı.

Qaytarıldı deyirik ona görə ki, bəzi mütəxəssislər “Altılı Masa”nın vahid namizədinin elan olunduğu məlum gecə Meral xanımın üz cizgilərinin sanki möhkəm qorxudulmuş, yaxud da hansısa hədəyə görə stress keçirmiş şəxsin üz cizgilərinə bənzədiyini bildirirlər.

“Bəs bu hansı güc ola bilər” sualına cavab olaraq isə nəzərlər Qərbə, xüsusilə də okeanın o tayına yönəlir. Hətta terrorçulara xüsusi sevgisi ilə fərqlənən K.Kılıçdaroğlunun vahid namizədliyi yoluna daş qoymaq istəyən (CHP yanaşması) Meral xanımın moralının pozulmasında Pensilvaniyadakıların da rol oynadığını düşünənlər var. Bu isə 10 ay öncəki köşəmizdəki başqa ehtimalın, “Millet İttifakı”nın ortaya çıxmasının Qərbdəki bəzi güclərin, yumşaq desək, xoşuna gəldiyinə dair ehtimalın da öz təsdini tapması deməkdir.

Hesab edirik ki, həm bu sadalananlar, həm “Altılı Masa”dakıların Türkiyənin istər türk dünyası, istər Suriya, istərsə də müdafiə sənayesi ilə bağlı qorxulu açıqlamaları, o cümlədən K.Kılıçdaroğlunun vahid namizədliyinin elanından cuşa gələn HDP-nin təmsilçilərinin çal-çağırlı açıqlamaları müxalifətin namizədinin qalib gələcəyi təqdirdə Türkiyəni, eləcə də türk dünyasını hansı təhlükələrin gözlədiyini ehtimal etməyə imkan yaradır.

Heç şübhəsiz, qardaş Türkiyənin dəyərli seçiciləri də bütün bunların fərqindədir. Məhz buna görə də “Cumhur İttifakı”nın namizədi, hazırki Cümhurbaşqanı Recep Tayyip Erdoğanın bu dəfə də seçicilərin səsini qazanacağına şübhə yoxdur.

Bu qələbəni möhkəmləndirəcək daha bir addım isə bugünlərdə atılmaqdadır. Məlumatlara əsasən, “Cumhur İttifakı”nın sıralarının genişlənməsi istiqamətində danışıqlar uğurla gedir. Böyük ehtimalla yaxın vaxtlarda HÜDAPAR, Anavatan Partisi, Demokratik Sol Parti, Yeniden Refah Partisi də “Cumhur İttifaqı”na daxil olacaq. Beləliklə AK Parti, MHP və BBP-dən ibarət “Cumhur İttifaqı” bu dörd partiyanın da qatılması ilə 7-liyə çevriləcək. Dünyada, o cümlədən türk dünyasında müqqəddəs sayılan 7 rəqəmi bu seçkilərdə BİZƏ uğur gətirəcək.

Uğurdan söz düşmüşkən, bəzi ekspertlər belə hesab edirdilər ki, mayın 14-dəki seçkilərdə R.T.Erdoğan qalib gəlsə də AK Parti-MHP-BBP-dən ibarət “Cumhur İttifakı” yeni parlamentdə çoxluq əldə edə bilməyəcək. Lakin yuxarıda bəhs etdiyimiz partiyaların da qatılımı ilə yeniləşəcək “Cumhur İttifaqı” böyük ehtimalla parlamentdə də çoxluğu əldə edəcək. Çünki yenilənmiş “Cumhur İttifakı”nda vahid və daha güclü Türkiyə uğrunda çalışan partiyalar bir araya gələcək. Özü də bu partiyalar bütövlükdə siyasi palitranın bütün tərəflərini təmsil edəcəklər. Yəni DSP-nin timsalında mütərəqqi solçular, ANAP-ın timsalında mərkəzçi demokratlar, MHP və BBP-nin timsalında milliyyətçilər, HÜDAPAR və Yeniden Refahın timsalında güclü Türkiyə üçün çalışan dindarlar, nəhayət AK Partinin timsalında müasir Türkiyəçilər “Cumhur İttifakı”nın millət vəkili namizədlərini dəstəkləyəcəklər. Çünki “Millet İttifakı”ndan fərqli olaraq “Cumhur İttifakı” bölücü deyil, qurucu addımlarla seçkilərə gedir.

Sözardı: Təbii ki, bu seçki qardaş ölkənindir. Təbii ki, bizim qardaş və bacılarımızın seçim iradəsinə təsir etməyə nə haqqımız, nə də istəyimiz yoxdur. Həmçinin, onu da bilirik ki, Türkiyənin hər bir seçicisi seçki məntəqəsinə gedəndə “Öncə Vətəndir” amalına sadiq qalacaq. Amma sadəcə qardaş ölkədəki bacı-qardaşlarımıza bir incə məqamı da xatırlatmaqla bu köşəmizə nöqtə qoymaq istəyirik.

Uduzan BİZ olmayaq!

Yazının əvvəlində K.Kılıçdaroğlunun sosial media hesabından “Süfrəmizi böyütməyə davam edəcəyk” mesajlı video paylaşmasından bəhs etmişdik. Bizə görə, deyiliş tərzi və məqsədindən asılı olmayaraq seçkilərə “süfrəni böyütmək, yaxud da paylaşmaq” kimi şüarla gedənlərdən fərqli olaraq, Türkiyəni süfrə deyil, Vahid Vətən kimi görərək gedənlər, bunun uğrunda fədakarlıq göstərənlər qalib gəlməlidir!

Mission News Theme by Compete Themes.