Press "Enter" to skip to content

“Volski komitəsi”nin əməllərinin oxşarı

Emin Həsənli

Son yeniləmə: 10 Mart 2023 11:47

Emin Həsənli: Rusiyanın bu hərəkəti nə sülhməramlı missiya, nə də müttəfiqlik ruhuna uyğundur

BAYRAQDAR MEDİA – Təəssüflər olsun ki, Rusiyanın bu hərəkəti nə sülhməramlı missiya, nə də müttəfiqlik ruhuna uyğundur”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Xatırladaq ki, martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Azərbaycan Müdafiə Nazirliyindən verilən xəbərə görə, martın 7-də gün ərzində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan dəstə şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib. Ermənistanın təkzibinə və riyakarlığına baxmayaraq, texniki müşahidə vasitələri ilə yolun hərbi daşımalar üçün istifadə edildiyi bir daha təsbit olunub.

E.Həsənli bu addımı qəbulediməz adlandırıb: “Azərbaycan Müdafiə Nazirliyindən də bəyan edildiyi kimi bu addım, yəni Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır. Hesab edirəm ki, Rusiya sülhməramlı kontingentinin bu addımı ötən əsrin 90-cı illərinin əvvəlindəki “Volski komitəsi”nin fəaliyətinə bənzəyir. Həmin vaxt öncə “Volski komitəsi” oxşar addımlara əl atdı, sonra da Rusiya rəhbərliyi Qarabağda erməni terrorçuluq və separatçılıq əməllərinə dəstək verdi. İndi də Rusiya sülhməramlı kontingenti oxşar fəaliyyət sərgiləyir”.

Müsahibimiz bildirib ki, sülhməramlıların bu addımı Azərbaycanda haqlı narazılıq və etiraz yaradıb: “Əslində, hələ 10 noyabr 2020-ci il Bəyanatı imzalanandan dərhal sonra Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlı kontingentinə qarşı bir inamsızlıq vardı. Özü də bu, haqlı inamsızlıq idi. Çünki dediyim kimi, ortada “Volski komitəsi” və ondan sonra Rusiyanın addımları ilə bağlı acı bir təcrübə vardı. Düşünmək olardı ki, bəlkə də Rusiya bu dəfə başqa addım atacaq. Bəlkə də Rusiya keçmişdə baş verənləri təkrarlamayacaq. Amma təəssüflər olsun ki, Rusiya sülhməramlıları onlara verilən bu imkandan keçmişin qara addımlarını silmək üçün istifadə etmədi. Əksinə, yenə də oxşar qanunsuzluq, mən deyərdim ki, hətta oxşar cinayətə əl atan Rusiya sülhməramlıları bununla da onlara olan cüzi inamı da yerlə bir etdilər. Digər tərəfdən, Rusiya bölgədə həqiqətən də tərəfsiz sülhməramlı missiyanı həyata keçirməklə dünyada itirilmiş nüfuzunu bir az da olsa bərpa edə bilərdi. Lakin Rusiya bunu edə bilmədi, yaxud da etmək istəmədi”.

E.Həsənli deyib ki, Rusiya sülhməramlıları 10 noyabr Bəyanatı ilə üzərlərinə götürdükləri öhdəlikləri, yəni Qarabağdakı terrorçu, separatçı qüvvələrin təmizlənməsini həyata keçirmədi: “ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Rusiya necə ki, 30 il ərzində torpaqlarımızın Ermənistanın işğalından azad olunması üçün heç nə etmədi, indi də 3 il öncə öz təşəbbüsü ilə imzalanan, hətta özünün də imzası olan Bəyanatın şərtlərinə əməl etmir. Amma bunu hər kəs bilsin ki, əgər Ermənistan ağlını başına yığmasa, yenə sərt şəkildə cəzalanacaqdır. Həmçinin, Rusiya və Ermənistandan fərqli olaraq, Azərbaycan necə ki, İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi, eləcə də 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatın bütün bəndlərinin icrasını təmin edəcək”.

Mission News Theme by Compete Themes.