Son yeniləmə: 10 Mart 2023 11:08
BAYRAQDAR MEDİA – Martın 15-də Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası, martın 16-da isə TDT-nin fövqəladə Zirvə Toplantısı keçiriləcək. Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu hər iki iclasda iştirak edəcək.
KKTC Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilib
Bu xəbəri KKTC Xarici İşlər Nazirliyinə istinadən Kibris Türk yayıb.
Bildirilib ki, T.Ertuğruloğlu tədbirlərdə Türkiyə XİN-in rəhbəri Mevlüt Çavuşoğlunun dəvəti ilə iştirak edəcək: “Martın 15-də Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və KKTC xarici işlər nazirlərinin iştirakı ilə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Martn 16-da isə “Fəlakət-fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda TDT-nin fövqəladə Zirvə toplantısı olacaq”.
Məlumata əsasən, M.Çavuşoğlu T.Ertuğruloğluna göndərdiyi dəvət məktubunda həmçinin, KKTC-nin zəlzələ ilə əlaqədar Türkiyəyə göstərdiyi dəstəyə görə minnətdarlıq edib: “M.Çavuşoğlunun məktubunda, “Qardaş türk dövlətlərinin və türk dünyasının mühüm bir parçası olan KKTC-nin əsrin fəlakəti ilə sarsıldığımız bu çətin dövrdə ilk andan ölkəmizə verdiyi dəstək, Sizin şəxsinizin zəlzələdən dərhal sonra ölkəmizə səfəriniz və Cümhurbaşqanı Ersin Tatarın faciədən sonra həmrəylik baxımından zəlzələ bölgəsinə səfəri bizə güc və ruh verdi. Biz bu dəstəyi hər zaman minnətdarlıqla xatırlayacağıq” deyə qeyd edilib.
Xatırladaq ki, KKTC 11 noyabr 2022-ci il tarixində Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə Toplantısında TDT-yə müşahidəçi üzv dövlət kimi qəbul edilib.