Son yeniləmə: 10 Mart 2023 16:16
BAYRAQDAR MEDİA – Kosovanın ən böyük serb partiyası olan Serb Siyahısı ölkənin quzeyində keçiriləcək erkən yerli seçkilərə qatılmayacaqlarını açıqlayıb.
Balkan News xəbər verir ki, bu barədə partiyanın bəyanatında bildirilib.
Bəyanatda qeyd edilib ki, qərarın səbəbi Kosova hökumətinin serblərin irəli sürdüyü şərtləri yerinə yetirməməsidir. Partiyanın bununla bağlı məlumatında deyilir: “Mərkəzi Seçki Komissiyası partiyamıza məlumat verdi ki, Kosovonun quzeyində bələdiyyələrə keçiriləcək növbədənkənar seçkilərdə iştirak üçün qeydiyyat müddəti 9-18 martdır. Bu münasibətlə vətəndaşlarımıza bildirmək istərdik ki, Kosova qurumlarını tərk edərkən irəli sürdüyümüz tələblər yerinə yetirilmədiyi üçün siyasi partiyamız seçkilərdə iştirak etməyəcək və qanuni tələblərimiz yerinə yetirilənə qədər heç bir seçkiyə qatılmayacağıq”.
Saytın xəbərinə görə, Serb Siyahısı Priştina administrasiyası və Mərkəzi Seçki Komissiyasını serb xalqının qanuni maraqlarına əhəmiyyət verməməkdə ittiham edib.
Kosovanun serblərin çoxluq təşkil etdiyi dörd bələdiyyədə erkən yerli seçkilər 2023-cü il aprelin 23-nə təyin edilib.