BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 10 mart – Milli Teatr Günündə Azərbaycan televiziya kanallarının iştirakı ilə telemarafon keçiriləcək.
Bu haqda Mədəniyyət Nazirliyinin paylaşımında bildirilir.
Xəbərdə deyilir ki, “bu gün Azərbaycan peşəkar milli teatrının 150 yaşı tamam olur. Bu münasibətlə gün ərzində televiziya kanallarında teatrların fəaliyyətinə nəzər salınacaq, tamaşalar nümayiş olunacaq, ömrünü Azərbaycan səhnəsinə həsr edən sənətkarların fikir və düşüncələri təqdim ediləcək”.
Bildirək ki, 1873-cü ildə qədim tarixə malik xalq teatrı ənənələri üzərində, milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşası ilə əsası qoyulan peşəkar teatr sənətimiz bu illər ərzində zəngin inkişaf yolu keçib.
Daha sonra xəbərdə, “Azərbaycanda peşəkar milli teatrın yubileyi ilk dəfə dövlət səviyyəsində, böyük təntənə ilə yarım əsr öncə Azərbaycan mədəniyyətinin böyük himayədarı Heydər Əliyevin rəhbərliyi ilə qeyd edilib. Teatrın 100 illik yubileyində dərin məzmunlu nitq söyləyən Ulu öndər milli teatr sənətinin inkişafına xüsusi diqqət və qayğı göstərib. Ümummilli liderin Respublikada rəhbərliyinin hər iki dövründə bu istiqamətdə mühüm qərarlar qəbul olunub, teatr xadimlərinin yaradıcılıq nailiyyətləri dövlət tərəfindən qiymətləndirilib. Teatr sənətinə diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı 3 fevral 2023-cü il tarixində Azərbaycan teatrının 150 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edildiyi kimi, teatr xalqın mədəni sərvətidir və onun qorunması, inkişaf etdirilməsi dövlətin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir” deyə qeyd olunub.