BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Güney Azərbaycanlılar öz haqlarını tələb etmək üçün “Azadlıq və ədalət yürüşü” keçiriləcəyini elan etmişdi. Sonrakı açıqlamalarda da yürüşlə bağlı hazırlıqlar haqqında məlumat verilirdi. O da qeyd edilirdi ki, yürüşün yeri və vaxtı haqqında əlavə məlumat veriləcək.
Güney Azərbaycanlılardan “Azadlıq və ədalət yürüşü”nə çağırış
Martın 10-da Araz News Telegram kanalı xəbər verib ki, artıq yürüşün yeri və saatı ilə bağlı qərar qəbul edilib.
“Vətənimiz Azərbaycanın və İrandakı bütün türk boylarının hüquqlarını qorumaq, eyni zamanda beş aydan çoxdur sürən ayaqlanmalar nəticəsində ortaya çıxmış siyasi durum, biz türklərin dayanışma və aktivləşmə zərurətini qaçılmaz etmişdir. Bu doğrultuda Avropada yaşayan türklər olaraq meydanda olmağı və fəaliyyətlərin koordinasiya əsasında davamlı olması üçün bir araya gələrək Avropada düzənli şəkildə yürüşlərin keçirməsinə qərar verdik”, – deyə qərarda bildirilir.
Daha sonra qeyd edilir ki, “elə həmin məqsədlə fəaliyyətə başlayan Koordinasiya Mərkəzi Brüsseldə aksiya keçirilməsi ilə bağlı Belçika dövlətinə müraciət edib və müsbət cavab almışdır. Cavabda deyilir ki, Belçika dövləti hər hansı bir aksiyaya qarşı çıxmaz və Koordinasiya Mərkəzi düzənli şəkildə proqramlarını davam etdirə bilər”.
Bunu nəzərə alan Koordinasiya Mərkəzi bildirir ki, “Azadlıq və ədalət yürüşü” martın 25-i yerli vaxtla saat 14.00-17.00 arasında Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək.
Yürüş Place du Luxembourg-da başlayıb Place Schuman Parliament-in önündə mitinqlə davam edəcək.
Təşkilatçılar media sahəsində geniş təbliğat, logistika məsələləri və maliyyə vəsaitinin təmini üçün hər kəsi dəstək verməyə və iştiraka dəvət edir.
“Bu gün gerçəkdən “Bir olma, İri olma və Diri olma!” zamanıdır deyə açıqlamada bildirilir.
İlkin şüarlar da elan edilib: “Azadlıq, Ədalət, Milli Hökumət!”, “Vətənim Azərbaycan!”, “Sən çağırsan gələrəm mən, sən yaşa, Azərbaycan!”