Press "Enter" to skip to content

Macarıstanın Azərbaycandakı səfiri MEK-i ziyarət edib

Görüşdən xatirə fotosu

Son yeniləmə: 10 Mart 2023 13:09

BAYRAQDAR MEDİA – Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət edib.

Görüş zamanı MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxış edərək Macarıstan və Azərbaycan arasındakı əlaqələrdən bəhs edib, həmçinin rəhbəri olduğu müəssisə ilə də Macarıstanın daim əməkdaşlıq əlaqələrində olduğunu deyib. Macarıstanın Azərbaycana dost, doğma bir ölkə olduğunu dilə gətirən professor hər il mart ayında MEK-də təşkil olunan “Macar ədəbiyyatı həftəsi”ndən danışıb.

Bununla yanaşı Macarıstanın Arcanum şirkəti ilə MEK-in sıx əməkdaşlığından söhbət açan M.Əliyev sözügedən şirkətə kitabxana tərəfindən mütəmadi olaraq müxtəlif mövzulu kitablar göndərildiyini deyib.

Daha sonra səfir T.Y.Torma çıxış edərək Macarıstan və Azərbaycan əlaqələrinin təkcə siyasət yönündə yox, həmçinin mədəniyyət və digər sahələrdə də inkişaf etdiyini diqqətə çatdırıb. Keçən il iki ölkə arasındakı münasibətlərin 30 illiyinin qeyd edildiyini deyən səfir bundan sonra da əlaqələrin davam edəcəyini bildirib. T.Y.Torma həmçinin kitabxanada təşkil olunan “Macar ədəbiyyatı həftəsi”nə görə təşəkkürünü ifadə edib.

Görüş zamanı Azərbaycan Dillər Universiteti, N.Gəncəvi adına Ədəbiyyat İnstitutu və MEK-in Macarıstan səfirliyi ilə birlikdə kitab çap etməsi fikir müzakirə edilib. Eləcə də “Heydər Əliyev İli” çərçivəsində Macarıstanın hər hansı bir Universitetində Heydər Əliyev ilə bağlı sərgi təşkil olunması təklif olunub.

Sonda MEK tərəfindən səfirə müxtəlif mövzulu kitablar hədiyyə edilib.

Qeyd edək ki, martın 10-dan MEK-də “Macar ədəbiyyatı həftəsi” fəaliyyətə başlayıb. Buna uyğun olaraq bir həftə ərzində kitabxananın sərgi salonunda macar yazıçılarının əsərləri nümayiş olunacaq.

Mission News Theme by Compete Themes.