Son yeniləmə: 10 Mart 2023 09:47
Məcid Cavadi: Hazırda İranın daxili qazan kimi qaynayır və hər an hər şey ola bilər
BAYRAQDAR MEDİA – “Məlum olduğu kimi, son 3 aydır İranda qız məktəblərinə kimyəvi hücumlar olur. İlk vaxtlar bu hücumlar kütləvi xarakter daşımırdı. Amma son həftələrdə bu, çox geniş bir səviyyəyə çatıb”.
Bunu İrandakı son durumu, o cümlədən qız məktəblərinə kimyəvi hücumlarla bağlı məsələni BAYRAQDAR MEDİA üçün dəyərləndirən Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.
Onun sözlərinə görə, son günlər bu hallar daha intensiv xarakter alıb: “Artıq eyni gündə 9-10 məktəbə belə hücumlar olur. Yayılan məlumatlara görə, ümumilikdə 5 mindən artıq məktəbli qız bu hücumlar nəticəsində xəstəxanalara aparılıb. Həmçinin, on minlərlə qız uşağı artıq qorxudan məktəblərə getmir”.
M.Cavadi bildirib ki, çox böyük ehtimalla bu cinayəti törədənlər fars-molla rejiminin öz içindən olanlardır: “Məqsədləri də budur ki, qızları məktəblərdən uzaqlaşdırsınlar. Yaxud da qızları ötən il keçirilən etirazlara görə cəzalandırsınlar. Çünki ötən il İranda etiraz aksiyalarını ilk olaraq məhz qızlar başlamışdılar. Qeyd edim ki, bu günə kimi bu hücumlara görə heç kəsin saxlanmaması da prosesin arxasında rejimin dayandığını deməyə əsas verir. Təbii ki, Güney Azərbaycan coğrafiyasında da bu hücumlar olub. Sonda da uşaqların valideynləri, o cümlədən müəllimlər xalqı bu cinayətlərə qarşı etiraz etməyə çağırdılar. Bu çağırışlardan sonra bir çox şəhərlərdə etirazlar oldu. Bir sözlə, İranda fars-molla rejiminə qarşı yeni bir etiraz dalğası başlayıb. Düzdür, bu, öncəki etiraz qədər geniş deyil. Amma genişlənəcəyi də mümkündür. Çünki hazırda İranın daxili qazan kimi qaynayır və hər an hər şey ola bilər”.