BAYRAQDAR MEDİA – Martın 10-dan etibarən kinoteatrlarda “Uçuş 811” filmi nümayiş olunacaq.
Anadolu Ajansının məlumatına görə, İstanbuldan Nyu Yorka uçan təyyarədə baş verən hadisələrdən bəhs edən filmin İstanbulda təqdimatı olub.
Burcu Kara və Yosi Mizrahinin rol aldığı filmin bütün heyətinin iştirak etdiyi təqdimat mərasimində çıxış edən prodüser Ahmet Edebali filmin hazırlıq prosesinin təxminən bir il çəkdiyini bildirib.
Aktrisa Burcu Kara bildirib ki, Azra obrazını canlandırdığı film Türkiyədə heç vaxt çəkilməmiş üslub və məzmuna malikdir. O, filmin sürprizlərlə dolu olduğunu və ssenarini oxuyanda həyəcanlandığını və rolu qəbul etdiyini vurğulayıb.
Aktyor Yosi Mizrahi isə türk kinosunda tək məkanlı işlərin çox çəkilmədiyini bildirib. O, “Daha əvvəl çəkildiyim və rol aldığım işlərə çox bənzəmirdi. Bu rola çəkilməyi qəbul etmə səbəblərindən biri də budur”, – deyə bildirib.
Filmdə 2 milyon dollar dəyərində zümrüdü xaricə aparmaq üçün yola çıxan Azra və Cengiz cütlüyünün də olduğu 811 nömrəli təyyarədə baş verən hadisələrdən bəhs edilir. İstanbuldan Nyu-Yorka yola düşən təyyarədə yaşanan şübhəli ölüm və ondan sonra baş verən sürpriz hadisələr bütün sərnişinlərə sirayət edir.
Psixoloji triller və dram janrındakı film martın 10-da kinosevərlərin ixtiyarına veriləcək.
Onu da qeyd edək ki, film martın 10-dan etibarən Bakıda da nümayiş olunacaq.