BAYRAQDAR MEDİA – Martın 9-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkədə rəsmi səfərdə olan NATO Quru Qoşunları Komandanlığının qərargah rəisi, general-leytenant Mustafa Oğuz ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “Türkiyəli qonaq əvvəlcə Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk Şəhidliyini ziyarət edib, üzərinə gül dəstələri qoyaraq ehtiram nümayiş etdirib. Sonra MN-də görüş keçirilib. General-polkovnik Z.Həsənov qonağı Azərbaycanda görməkdən məmnun olduğunu ifadə edib. Müdafiə naziri əvvəlcə Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların yaxınlarının dərdlərinə şərik olduğunu qeyd edib, ailələrinə dərin hüznlə başsağlığı verib və bütün yaralılara şəfa diləyib. “Türkiyənin acısı bizim də acımızdır” deyən nazir, Azərbaycanın hər zaman qardaş ölkənin yanında olduğunu xüsusi vurğulayıb. Sonra general-polkovnik Z.Həsənov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər, eləcə də Azərbaycan-Ermənistan şərti dövlət sərhədi və Qarabağ iqtisadi rayonundakı cari vəziyyət barədə qonağı məlumatlandırıb. NATO ilə əməkdaşlıqda əldə edilən uğurlardan danışan müdafiə naziri qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib”.
Daha sonra xəbərdə, “M.Oğuz öz növbəsində zəlzələdən sonra göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçularına rəhmət diləyib və onların ailələrinə dərin hüznlə başsağlığı verib” deyə bildirilib.
Həmçinin, Azərbaycan ilə əməkdaşlığın cari vəziyyətindən danışan NATO təmsilçisi bu sahədə əldə edilən müsbət nəticələrdən məmnunluğunu ifadə edib.
Görüşdə Azərbaycan-NATO hərbi əməkdaşlığının Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Sonda ikitərəfli əlaqələrin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, martın 9-da M.Oğuz müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun baş qərargah rəisi, general-polkovnik Kərim Vəliyevlə də görüşüb.