BAYRAQDAR MEDİA – Martın 9-da sosial media fəalları xəbər yayıb ki, Fərid Qabil oğlu Səfərli adlı Azərbaycan vətəndaşı, Almaniyadakı Yena Universitetinin tələbəsi İrana gedib və orada itkin düşüb.
1997-ci il təvəllüdlü Fərid Səfərlinin 20 fevralda İrana getdiyi deyilir. Lakin 4 mart tarixindən etibarən onunla əlaqə kəsilib. Məsələ Xarici İşlər Nazirliyinin də diqqətindədir.
Bununla bağlı BAYRAQDAR MEDİA-ya XİN-dən verilən xəbərdə deyilir ki, məlumat quruma martın 9-da daxil olan kimi İranın Azərbaycandakı səfirliyinə nota ünvanlanıb. Lakin hələlik qarşı tərəfin cavabı yoxdur.
Nazirlik onu da bildirib ki, F.Səfərlinin yerinin müəyyən edilməsi yönündə tədbirlər görülür.
Qurumdan o da xatırladılıb ki, yanvarın 27-də Tehrandakı Azərbaycan səfirliyinə terror hücumundan sonra Azərbaycan vətəndaşlarının bu ölkəyə səfər etməməsi tövsiyə olunub.