Press "Enter" to skip to content

Azərbaycan Ordusunun mövqeləri 23 dəfə atəşə tutulub

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – Martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Azərbaycan Ordusunun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri Ermənistan tərəfindən 23 dəfə atəşə tutulub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya martın 9-da MN-dən daxil olub.

Xəbərdə deyilir ki, “Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Günəşli, Əzizli yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Zəylik, Mollabayramlı, Yellicə, Yuxarı Ayrım, Daşkəsən rayonunun Astaf, Gədəbəy rayonunun Zamanlı və Göyəmli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd, Laçın, Xocalı rayonları və Şuşa şəhəri istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub”.

Daha sonra xəbərdə, “Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan bütün istiqamətlər üzrə adekvat cavab tədbirləri görülüb. Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini sistematik atəşə tutmaqla Azərbaycan tərəfini cavab atəşi açmağa təhrik edir və bununla da şərti sərhəddə fəaliyyət göstərən Avropa Birliyi mülki missiyasının nümayəndələrində yanlış rəy formalaşdırmağa, eləcə də bölgədə süni gərginlik yaratmağa cəhd edir” deyə bildirilib.

MN qeyd edib ki, “Ermənistan tərəfindən törədilə biləcək təxribatlara və bunun nəticəsində baş verəcək insan tələfatına görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Mission News Theme by Compete Themes.