Son yeniləmə: 10 Mart 2023 18:12
BAYRAQDAR MEDİA – Fevralın 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan səfərbər oldu. Azərbaycan dövləti və xalqı tərəfindən qardaş ölkəyə yardımlar göndərildi. O cümlədən “Qardaş Köməyi” Platformasında bir araya gələn iş adamları, QHT təmsilçiləri, müxtəlif qurumlar da Türkiyəyə yardım kampaniyasına qoşuldular. Bu proses hazırda da davam edir və Azərbaycan qadınları da prosesdə ön sıralarda gedirlər.
Məlumat üçün bildirək ki, ötən həftə “Qardaş Köməyi” Platformasının təşəbbüsü və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə kampaniya başlayıb. Kampaniya azərbaycanlı qadınların öz hədiyyələrini zəlzələdən əziyyət çəkən türkiyəli qadınlarla paylaşması məqsədilə başladılıb. Martın 8-də isə kampaniya çərçivəsində toplanmış yardımların qardaş ölkəyə yola salınması mərasimi keçirilib.
Mərasimin martın 8-də olması isə heç də təsadüfi deyil. Azərbaycan qadınları bununla məhz 8 mart günü qardaş ölkədə zəlzələdən zərər çəkən qadınlara dəstək olduqlarını nümayiş etdiriblər.
Beləliklə, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının, millət vəkili Vüqar İskəndərovun, “Qardaş Köməyi” Platformasının rəhbərliyinin və üzvlərinin, həmçinin AQSİA-nın təmsilçilərinin iştirak etdiyi mərasim zamanı Azərbaycan qadınlarının topladığı yardımların yükləndiyi 6 tir Agro Terminaldan yola salınıb.
Mərasimdə çıxış edən C.Bağcı bildirib ki, 8 Mart – Beynəlxalq Qadınlar Günündə azərbaycanlı qadınlar mənalı tədbir təşkil edərək, Türkiyədəki bacılarına hədiyyələr göndərirlər. O, Türkiyəyə göstərilən dəstəyə görə Azərbaycan dövlətinə və xalqına bir daha öz minnətdarlığını çatdırıb.
Sonra çıxış edən Milli Məclisin deputatı Vüqar İskəndərov bu yardımların iki ölkənin qardaşlığının növbəti nümunəsi olduğunu deyib. O, bildirib ki, Azərbaycanda 7-də 77-yə hər kəsin qəlbi Türkiyə ilə birgə döyünür.
AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva isə bu cür yardımların davamlı olacağını bildirib.
Mərasimdəki çıxışında “Qardaş Köməyi” Platformaısnın gördüyü işlərdən qısa şəkildə bəhs edən Platformanın rəhbəri Rəşad Cabirli həmçinin “Yaralar tam sağalana qədər fəaliyətimizi davam etdirəcəyik” deyib.
Çıxışlardan sorna yardım dolu tirlər Türkiyəyə yola salınıb.