Press "Enter" to skip to content

Türkiyə müxalifəti Recep Tayyip Erdoğanın əlinə oynayır

Azər Həsrət

BAYRAQDAR MEDİA – Qarışmasaq alınmır. Çünki Türkiyə də bizim üçün Azərbaycan deməkdir. Necə biganə qala bilərik axı? Bilmərik!

Qardaş ölkədə cümhurbaşqanı seçkisinə cəmi 2 ay qalıb. Bu müddət ərzində əsas namizədlərdən biri və birincisi hazırkı Cümhurbaşqanı Recep Tayyip Erdoğandır və xeyli öncədən bunun xəbəri verilib.

Digər əsas namizədi isə xeyli gözləməli olduq. Artıq martın 6-da tam olaraq bəyan edildi ki, CHP genel başqanı Kemal Kılıçdaroğlu əsas müxalif namizəd olaraq seçkiyə qatılır. Bu haqda qərarı bir zamanlar Azərbaycanda olmuş Demkonqresə bənzəyən 6-lı masa elan edib. Yəni ki, ən öndə gedən 6 müxalif partiyanın gücü öz aralarında ortaq bir namizəd çıxarmağa yetəcək qədərdir…

Amma bu durum hazırkı Cümhurbaşqanı üçün ciddi əngəl yarada bilməyəcək. Necə ki, illər öncə biz Azərbaycanda müxalif qüvvələri bir araya gətirib hakimiyyətə qarşı vahid cəbhədən çıxış edirdik, Türkiyəli qardaşlarımız da eynisini edir. Sonuc da fərqli olan deyil: bizdə olduğu kimi orada da qazanan hazırkı iqtidar – onun namizədi R.T.Erdoğan olacaq.

Bizə – Azərbaycana sərf edən durumdur bu. Çünki K.Kılıçdaroğlu nə qədər “xalq adamı” olsa da türk dünyası, Azərbaycan onun fəaliyyət istiqamətlərinə daxil deyil. O baxımdan bizim üçün ən uyğunu R.T.Erdoğandır.

R.T.Erdoğan elə Türkiyənin özü üçün də ən uyğunudur. Kimin nə deməsindən asılı olmayaraq bu lider ölkəni dünyanın hesablaşacağı bir gücə çevirməyi bacarıb! Ona qədər olan bütün dövlət rəhbərləri kiminsə əlinə baxırdı. Uyğun şəkildə Türkiyə də bir dövlət olaraq kiminsə əlinə möhtac idi. Amma R.T.Erdoğanın liderliyi altında bu ölkə nəinki kimsənin əlinə baxmalı olmur, üstəlik, dünya bu ölkəylə hesablaşmağa məcburdur.

İndi belə bir durumda biz – Azərbaycan vətəndaşları kimdən yana olmalıyıq? Əlbəttə ki, R.T.Erdoğandan yana. Lakin bir məsələni unutmamaq şərti ilə: seçim haqqı və hüququ yalnız Türkiyə insanına məxsusdur. Qardaş ölkə seçicisi kimi seçərsə, bizim də işimiz ona sayğı göstərmək olmalıdır.

Belə bir ovqatda proqnozumuz R.T.Erdoğandan yanadır. Baş verənləri təhlil edəndə açıq şəkildə görə bilirik ki, onun qalib gəlməməsi üçün heç bir əngəl qalmamışdır. Ümumiyyətlə isə qardaş ölkənin müxalifəti R.T.Erdoğanın əlinə oynayır. Bilərəkdənmi, ya bilməyərəkdənmi? Bunu dəqiq deyə bilmirik…

Mission News Theme by Compete Themes.