Telman Nüsrətoğlu: Fransa Afrikada çox böyük zülmlər törədib
BAYRAQDAR MEDİA – “Fransa Azərbaycana qarşı çox ədalətsiz bir siyasət izləyib və hazırda da davam edir. Baxmayaraq ki, Azərbaycan müstəqilliyinin ilk illərindən bu günə kimi bütün Avropa ölkələri ilə, Qərblə çox yaxın münasibətlər qurub, balans siyasəti həyata keçirir. Fransa isə buna adekvat cavab vermədi. Onu da deyim ki, Fransa özünün müstəmləkə keçmişinə baxmayaraq bu siyasətindən əl çəkmir.”.
Bunu Prezident İlham Əliyevin martın 2-də Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışında Fransa ilə bağlı məqamı BAYRAQDAR MEDİA üçün dəyərləndirən tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.
Xatırladaq ki, İ.Əliyev həmin çıxışında, “Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq” deyib.
Öz növbəsində T.Nüsrətoğlu bildirib ki, Fransa Afrikada çox böyük zülmlər törədib: “Xüsusilə də Əlcəzairdə baş verən soyqırımı və Afrikada aparılan müstəmləkə siyasəti bilinən bir həqiqətdir. Yəni bu haqda yüzlərlə akademik məqalələr, kitablar nəşr edilib. Bu mənada bizim Fransanı hər hansı bir ədalətsizlikdə, soyqırımında, müstəmləkə siyasətində ittiham etməyə daha çox haqqımız var. Azərbaycanın mövqeyi çox haqlıdır. Yəni istər rəsmi Parisin Azərbaycana qarşı atdığı addımlar, istərsə də işğalçı Ermənistanı himayə etməsini nəzərə alanda deyə bilərik ki, bu, çox yerində verilən mesajlardır. Özü də bu məsələdə Azərbaycan tək deyil. Azərbaycan Türkiyə ilə, Türk Dövlətləri Təşkilatı ilə birlikdə yüksələn bir güc olaraq bu addımları atır. Fransanın müstəmləkə siyasətinin Qoşulmama Hərəkatının tribunasından bəyan edilməsi də olduqca əhəmiyyətlidir”.