Köksal Kuş: Dünya bir daha gördü ki, haqqımız olanlardan heç zaman vaz keçmirik və bundan sonra da keçməyəcəyik
BAYRAQDAR MEDİA – “Uluslararası Demokratlar Birliyi (UID) sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın iradəsi ilə 2004-cü ildə Kölndə təsis edilib. Hazırda dünyanın bir çox ölkəsində təşkilatlanmış durumdayıq. Xüsusilə türklərin çox yaşadığı yerlərdə təşkilatlanmaya diqqət edirik. Əsasən xaricdəki soydaşlarımızın birlik və həmrəyliyi, bir-birindən xəbərdar olması istiqamətində fəaliyyət göstəririk”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Uluslararası Demokratlar Birliyinin genel başqanı Köksal Kuş dedi.
UID-nin 40-a yaxın ölkədə təmsilçilikləri var
Xatırladaq ki, qurumun Azərbaycanda da təmsilçiliyi formalaşdırılıb. Elə K.Kuşun ötən həftə Azərbaycana səfərində də məqsəd yerli təmsilçiliyin keçirdiyi bir mərasimdə iştirak idi.
Beləliklə, mərasim əsnasında suallarımızı da cavablandıran K.Kuş dedi ki, hazırda UID-nin 40-a yaxın ölkədə təmsilçilikləri var: “Azərbaycan da bu ölkələrdən biridir. Bura səfərimizdə məqsəd də UID-nin Azərbaycan təmsilçiliyinin təşkil etdiyi mərasimdə iştirak etmək, həmçinin, bir sıra görüşlər keçirmək idi. Azərbaycan təmsilçiliyimiz Xocalı soyqırımı qurbanları, 44 günlük Vətən müharibəsində şəhid olanlar, həmçinin, 6 fevralda Türkiyədə zəlzələ zamanı həlak olanlar üçün ehsan məclisi təşkil edib. Biz də bu mərasimdə iştirak edirik. Mən buradan bir daha həm şəhidlərimizə, həm də zəlzələ qurbanlarına Allahdan rəhmət diləyirəm. Onu da deyim ki, bu faciə zamanı Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğu bir daha öz təsdiqini tapdı”.
Sizlərlə bərabər eyni həyəcanı yaşadıq
44 günlük Vətən müharibəsindəki tarixi zəfərin Almaniyada yaratdığı təəssüratla bağlı suala gəlincə, K.Kuş aşağıdakıları bildirdi: “Almaniyada 3,5 milyon türk yaşayır. Bundan əmin olun ki, oradakı hər bir türkün həmin 44 günlük müharibə günlərində ürəyi sizinlə birgə döyünürdü. Oradakıların hər birinin ağlı da, fikri də, duası da Azərbaycanlı bacı-qardaşlarımız üçün, Azərbaycan ordusu üçün idi. Özü də təkcə Almaniyada yaşayan deyil, ümumilkdə dünyada yaşayan Türkiyə vətəndaşlarının hamısı sizinlə idi. Sizlərlə bərabər eyni həyəcanı yaşadıq. Hər gün xəbərlərdə Azərbaycan ordusunun qələbə xəbərini, Qarabağın təkrar türk yurdu olması üçün qazanılan hər döyüşün xəbərini eşitdikcə sevincimiz aşıb-dasırdı. Onu da deyim ki, bizlər təkcə dua etmirdik, həmçinin, lazım olarsa Azərbaycana gəlib burada işğalçılara qarşı döyüşməyə də hazır idik”.
Müsahibimiz vurğuladı ki, ümumilikdə bu, Azərbaycanın haqlı davası idi və haqlı dava da qələbə ilə tamamlandı: “Bu, türk dünyasının qalibiyyəti, qüruru və sevinci idi. Biz bunun Azərbaycanın haqq savaşı olduğunu Almaniya ictimaiyyətinə də çatdırırdıq. Yəni Azərbaycan türklüyünün hər zaman yanında olduq və bu gün də yanındayıq. Bütün dünya bir daha gördü və bildi ki, türk insanı başqasının torpağına heç zaman göz dikməz. Amma öz torpağını da kimsəyə güzəşt etməz. Bizim olan elə bizim olmalıdır. Bizim torpaqlarımızı işğal etməyə, orada hansısa əməllər törətməyə cəhd edənlər gec ya tez bu əməlinə görə cəzalanacaqlar. Özü də ən sərt şəkildə. Necə ki, bunu Azərbaycan Ordusu etdi. 30 il işğal altında olan torpaqları cəmi 44 gün ərzində Ermənistanın işğalından qurtaran Azərbaycan Ordusu dünya tarixinə öz adını yazdırdı. Dünya bir daha gördü ki, haqqımız olanlardan heç zaman vaz keçmirik və bundan sonra da keçməyəcəyik”.
Azərbaycanda özümüzü doğma yerdə hiss edirik
Müsahibəsində Azərbaycanı Anadoludan fərqləndirmədiyini də vurğulayan K.Kuş, “Son olaraq qeyd edim ki, Azərbaycan bizim üçün yabançı ölkə deyil. Biz Azərbaycana gəldiyimiz zaman, özümüzü öz ölkəmizdəki kimi hiss edirik. Sanki Anadoluya getmişik kimi özümüzü doğma yerdə hiss edirik. Çünki öz ata yurdumuza gəlirik. Buradakı insanları görəndə də hər hansı xarici ölkənin vətəndaşı deyil, doğma qardaşımızı görmüş kimi hisslər keçiririk” dedi.