BAYRAQDAR MEDİA – Batı Trakya Türk Müəllimlər Birliyi (BTTÖB) ibtidai məktəbə qəbul dövrünün başlaması ilə bağlı açıqlama yayıb. Açıqlamada valideynləri uşaqlarını azlıq məktəblərinə göndərməyə çağırış edilib.
Bu xəbəri Gündem Gazetesi yayıb.
Bildirilib ki, BTTOB-dan verilən açıqlamada, aşağıdakı fikirlər öz əskini tapıb:“Bir azlıq kimi öz milli kimliyimizlə yaşamağın yeganə yolu uşaqlarımızın azlıq məktəblərinə getməsidir. Bu mövzuda həssas olmalıyıq və uşaqlarımıza onların mənsub olduğu mədəniyyəti öyrətməliyik. Bizim muxtar azlığın təhsilindən əl çəkməyimizdən söhbət gedə bilməz”.
Məlumata görə, müraciətdə ibtidai məktəblərə qeydiyyatın martın 1-dən 20-dək aparılacağını xatırladılıb.
Həmçinin, “İllərdir məktəblərimizdə bilərəkdən təhsilin keyfiyyətinin aşağı olması təsəvvürü yaradılıb, valideynlərimiz dövlət məktəblərinə getməyə məcbur edilib. Məktəblərdə təhsilin keyfiyyətini bəhanə edərək övladlarını azlıq məktəblərinə göndərməyən valideynlər unutmasınlar ki, ətraflarında gördükləri savadlı adamların hamısı azlıq məktəblərini bitirib” deyə qeyd edilib.