Press "Enter" to skip to content

Azərbaycan tərəfindən 130-a yaxın ölkəyə yardımlar göstərilir

Ceyhun Bayramov

Son yeniləmə: 7 Mart 2023 16:43

Ceyhun Bayramovun Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında çıxış edib

BAYRAQDAR MEDİA – Xarici işlər naziri Ceyhun Bayramov martın 6-da Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) çıxış edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, C.Bayramov çıxışında əvvəlcə Türkiyədə və Suriyada zəlzələ nəticəsində həlak olanlarla əlaqədar başsağlığı diləklərini çatdırıb.

Tədbirin yüksək səviyyədə təşkilinə görə Qətər Dövlətinə təşəkkür edən nazir bu mötəbər konfransda hazırda az inkişaf etmiş 46 ölkənin və bu ölkələrdə yaşayan 1,1 milyard əhalinin problemlərinin həlli istiqamətində əhəmiyyətli qərarların qəbul olunacağına inamını ifadə edib: “Ceyhun Bayramov on ildən bir keçirilən bu konfransın təkcə həmrəylik deyil, eyni zamanda, inkişaf tərəfdaşlarının az inkişaf etmiş ölkələrin ehtiyaclarının təmin edilməsi üzrə öhdəliklərinin bir daha təsdiqlənməsi və bu sahədə 2022-2031-ci illər üzrə Doha Fəaliyyət Planının icrası üçün vacib tədbir olduğunu diqqətə çatdırıb. Bu 46 ölkədən 39-nun Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı üzvləri olduğu xatırlanıb. Nazir Azərbaycanın ərazilərinin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmasına, bir milyona yaxın azərbaycanlının doğma torpaqlarından didərgin düşməsinə, minlərlə insanın həlak olmasına, işğalın Azərbaycanın sosial-iqtisadi rifahına dağıdıcı təsirlərinə baxmayaraq, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin çətinliklərin öhdəsindən gəldiyini, yardım alan ölkədən donor ölkəsinə çevrildiyini qeyd edib”.

Məlumata görə, çııxşda həmçinin Azərbaycan tərəfindən 130-a yaxın ölkəyə səhiyyə, təhsil, texniki və humanitar sahələrdə yardımlar göstərildiyi diqqətə çatdırılıb: “Azərbaycanın İstanbul Fəaliyyət Planı və Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində praktiki töhfələri qeyd olunub. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan Hökuməti tərəfindən təqaüd proqramları barədə məlumat verilib, ən az inkişaf etmiş 21 ölkənin diplomatları üçün təlimlər keçirildiyi vurğulanıb. Mötəbər tədbirdə COVID-19 pandemiyası dövründə ölkəmizin donorluq fəaliyyəti, qlobal pandemiya ilə mübarizəyə töhfələri barədə ətraflı məlumat verilib. Pandemiya ilə əlaqədar Azərbaycanın 80 ölkəyə maddi və humanitar dəstək göstərdiyi, 14 ölkəyə 1 milyon doza vaksin təklif etdiyi bildirilib”.

Çıxışda 2023-cü il martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilmiş Zirvə görüşünün ölkələrin pandemiyalar zamanı həmrəylik nümayiş etdirməsi baxımından əhəmiyyəti də vurğulanıb: “Azərbaycanın Zirvə görüşündə Afrika, habelə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım üzrə fondun yaradılması təşəbbüsü ilə çıxış etdiyi, bu fondların hərəsinə 1 milyon ABŞ dolları məbləğində vəsait ayrıldığı qeyd edilib. Bundan başqa, Azərbaycanın bu təşəbbüslərinə dəstəyin zəruriliyi diqqətə çatdırılıb”.

Mission News Theme by Compete Themes.