BAYRAQDAR MEDİA – Ali Məhkəmənin hazırkı sədri Ramiz Rzayevin səlahiyyət müddəti başa çatıb. Bununla bağlı Ali Məhkəmədə xüsusi tədbir keçirilib.
Qurumun martın 6-da yaydığı xəbərdə bu haqda deyilir.
Xəbərdə xatırladılır ki, R.Rzayev 2005-ci il aprelin 19-dan qurumun sədri, eyni zamanda Məhkəmə-Hüquq Şurasının üzvüdür.
Onun bir çox dövlət təltiflərinin olduğu da xəbərdə qeyd edilir.
“Ramiz Rzayev Ali Məhkəmənin sədri vəzifəsini 18 ildir ki, qürurla daşıdığına, qanunun aliliyinin təmin olunmasında iştirakına görə özünü rahat və xoşbəxt hiss etdiyini ifadə edib. Ramiz Rzayev zamanında ona etimad göstərdiyinə görə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramını ifadə edib. Ali Məhkəmədə işlədiyi dövrün onun həyatında xüsusi bir səhifə olduğunu vurğulayan Ramiz Rzayev belə bir kollektivlə işləməkdən məmnunluğunu bildirib, ona göstərilən diqqət və qayğıya görə dövlətə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib”, – deyə xəbərdə qeyd edilir.