BAYRAQDAR MEDİA – Martın 11-də Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cakomo Puççininin “Toska“ operası nümayiş olunacaq.
Bu haqda sözügedən teatrın paylaşımında deyilir,
Xəbərdə bildirilib ki, “premyerası 1900-cü ildə Milanda nümayiş olunmuş bu tamaşa klassik opera sənətinin ən dəyərli nümunələrindən biridir. Martın 11-də olacaq nümayişdə isə Toska partiyasını ifa etmək üçün teatrın rəhbərliyi tərəfindən Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti Viktoriya Çenskaya və Skarpia partiyasını ifa etmək üçün Belarusun Milli Akademik Böyük Teatrının solisti, Belarusun Xalq artisti Vladimir Qromov dəvət olunub. Əsas partiyalardan biri olan Kavaradossi rolunu Azərbaycanın Əməkdar artisti Azər Rza, Rizniçiy partiyasını isə Xalq artisti Əkrəm Poladov ifa edəcək”.
Dirijoru Əyyub Quliyev olan tamaşada Əməkdar artistlər Cahangir Qurbanov, Tural Ağasıyev, solistlər Aqşin Xudaverdiyev, Nazim Mahmudov və başqaları da iştirak edəcək.
Qeyd edək ki, saat 19:00-da nümayiş olunacaq tamaşa AOBT-nın solisti, mərhum Xalq artisti Əli Əsgərovun əziz xatirəsinə həsr olunacaq.