BAYRAQDAR MEDİA – Martın 5-də Şamaxı şəhərində ASAN könüllüləri arasında “Şuşa üçün yarat” müsabiqəsi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya martın 6-da “ASAN xidmət”dən daxil olub.
Xəbərdə deyilir ki, “80 gənc arasında gerçəkləşən müsabiqənin əsas məqsədi iştirakçıların innovasiya yönümlü potensiallarının aşkarlanması, onlar arasında komanda ruhu və quruculuğu, ideya formalaşdırma bacarıqlarının inkişaf etdirilməsi, həmçinin gənclərə vətənpərvərlik ruhunu aşılamaq olub. Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilən müsabiqənin açılış mərasimində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov da iştirak edib”.
Müsabiqədə “Şuşanı tanıt” komanda quruculuğu oyunları, Ulu öndər Heydər Əliyevə həsr olunmuş intellektual yarış və “Şuşa üçün yarat!” ideya müsabiqəsi keçirilib.
İdeyaların təqdimatından sonra bağlanış mərasimi olub. İlk 3 yerə layiq görülən komanda dəyərli hədiyyələrlə mükafatlandırılıb və bütün iştirakçılar sertifikatla təltif olunub.
Daha sonra xəbərdə: ““Şuşa üçün yarat” müsabiqəsi eyniadlı layihə çərçivəsində keçirilib. “Heydər Əliyev İli” çərçivəsində gerçəkləşən layihə “ASAN xidmət”in, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Gənclər Fondunun maliyyə dəstəyi, ASAN İnnovativ İnkişaf Mərkəzinin və “ABAD”ın tərəfdaşlığı ilə həyata keçirilib”- deyə bildirilib.
Həmçinin layihənin ilk günündə “Bilim Bakı” mərkəzinə ekskursiya zamanı nəqliyyatda süni intellekt, biotexnologiya innovasiyası, rəqəmsal texnologiyalar və robototexnika yarışları haqqında iştirakçılara məlumat verilib. Növbəti gündə gələcəyin insan modeli haqqında komanda işi təşkil olunub və iştirakçılar tərəfindən ideyalarının konseptləri təsvir edilib.
Onu da qeyd edək ki, layihə müddətində Şuşa şəhərinə səfər də təşkil olunub.