Press "Enter" to skip to content

Bakıvaxtı.az ötən 2 ildə hədəfə nail olub

Qalib İbrahimoğlu

Qalib İbrahimoğlu: Portal fəaliyyətə başlayanda qarşıya qoyulan əsəs hədəf bu qədər sayt, xəbər portalı, qəzet, agentlik bolluğunda öz yerini tutmaq idi

BAYRAQDAR MEDİA – “Tərəfsizlik və dövlətçilik maraqlarından çıxış etmək əsas prinsiplərimizdəndir”.

Bunu bu günlərdə fəaliyyətə başlamasının iki ili tamam olan Bakıvaxtı.az xəbər portalının baş redaktoru Qalib İbrahimoğlu deyib.

BAYRAQDAR MEDİA-ya açıqlamasında baş redaktor bildirib ki, rəhbərlik etdiyi xəbər portalı bu iki il ərzində fərq qoymadan Azərbaycanda fəaliyyət göstərən bütün ictimai və siyasi təşkilatlarla əməkdaşlıq edib: “2020-ci il martın 5-də fəaliyyətə başlayan portalımızda ölkədə baş verən siyasi, ictimai, sosial, iqtisadi və həyatın digər sahələrini əhatə edən mövzularda xəbərlər yayımlanır. Bakıvaxtı.az portalı fərq qoymadan ölkədə fəaliyyət göstərən bütün ictimai və siyasi təşkilatlarla əməkdaşlıq edir, onların bütün məlumatlarını işıqlandırır”.

O da bildirilib ki, bu 2 ildə əməkdaşlar ayrı-ayrı müsabiqələrdə müxtəlif mükafatlara layiq görülüblər.

Bakıvaxtı.az 4 dəfə Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin qalibləri sırasında yer alıb: “Portal fəaliyyətə başlayanda qarşıya qoyulan əsas hədəf bu qədər sayt, xəbər portalı, qəzet, agentlik bolluğunda öz yerini tutmaq idi. Geridə qoyduğumuz 2 ildə bu hədəfə nail olmuşuq. Ölkənin ən tanınmış saytlarının, xəbər portallarının Bakıvaxtı.az-a istinad etmələri dediyimin sübutudur. Təbii ki, qarşıya qoyulan hədəfə nail olduqca “bəsdir” deyən portallardan deyil Bakıvaxtı.az. Hər uğura imza atandan sonra qarşıya yeni hədəflər qoyuruq. Yerimizdə saymaq fikrindən uzağıq. Hər gün axtarışlar, yeni rubrikalar ancaq və ancaq oxucuların rəğbətini qazanmaq üçündür”.

Q.İbrahimoğlu bildirib ki, baş verənlərə məsuliyyətlə, operativ, qərəzsiz yanaşma hədəflərə çatmaqda böyük rol oynayır: “Bu gün internet media, sosial şəbəkələr dominantlıq edir. Sosial şəbəkələr mətbuatı üstələyir. Odur ki, Bakıvaxtı.az olaraq əsas prioritetimiz sosial media üzərindən işi artırmaqdır. Bu gün portalımız yeni yeriməyə başlayan uşaq yaşındadır. İnanıram ki, Bakıvaxtı.az bundan sonra da Azərbaycanın media məkanında öz sözünü deyənlərdən, ayağını yerə bərk basan portallardan olacaq”.

Biz də BAYRAQDAR MEDİA olaraq başda Qalib İbrahimoğlu olmaqla Bakıvaxtı.az xəbər portalının kollektivini təbrik edir, yeni uğurlar arzulayırıq.

Mission News Theme by Compete Themes.