Son yeniləmə: 6 Mart 2023 13:07
Prof. Dr. Mehmet Yüce: Məqsədimiz bir daha belə zülmə məruz qalmamaq üçün birlikdə hərəkət etməyin və ortaq gələcək qurmağın zəruriliyini ortaya qoymaqdır
BAYRAQDAR MEDİA – “70 illik rus işğalından sonra 1991-ci ildə SSRİ-nin parçalanması ilə Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistan olmaqla tarix səhnəsinə beş yeni türk dövləti çıxdı. Bu dövlətlər bir tərəfdən SSRİ-nin işğalı zamanı aldıqları yaraları müalicə etməyə, digər tərəfdən isə yeni dünya düzənində yer almağa çalışırdılar. Onlar həm SSRİ-dən miras qalmış, həm də yeni dünya düzəninə uyğunlaşmanın gətirdiyi problemlərlə mübarizə aparmalı oldular”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında UNEC-Türk Dünyası İqtisadiyyat Fakültəsi dekanı Prof. Dr. Mehmet Yüce deyib.
Onun sözlərinə görə, bu respublikaların yükləri ağır, keçəcəkləri yol uzun və məşəqqətli idi: “Digər tərəfdən, eyni kökdən və sivilizasiyadan gələn bu cümhuriyyətlər Türkiyə ilə birlikdə “köklü keçmişdən güclü gələcəyə” doğru dərin əməkdaşlığa girməyin yollarını axtardılar və nəhayət, 30 ildən sonra ortaq iradə ilə Türk Dövlətləri Təşkilatını qurdular. “TRT Belgesel” kanalı məhz bütün bu prosesdən bəhs edən sənədli film çəkib”.
Məlumat üçün bildirək ki, sənədli filmin məsləhətçisi Prof. Dr. Mehmet Yücedir.
Artıq “TRT Belgesel”də yayımlanmağa başlayan 8 hissəlik “30 yılın ardında” adlı sənədli filmdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın müstəqillik mübarizələri də iki hissədə yer alacaq.
Prof. Dr. Mehmet Yüce deyib ki, türk dövlətlərinin müstəqillik tarixindən hissələrin animasiyalarla canlandırıldığı sənədli filmdə 30 illik müstəqillik prosesi arxiv görüntüləri, yerli xalq və ekspertlərin müsahibələri ilə ekrana gətirilir: “Bundan başqa, sənədli filmdə Stalin dövründə vətənlərindən sürgün edilən Ahıska türklərinin dramı da yer alıb. Azərbaycanın azadlıq mübarizəsindən bəhs edən bölüm fevralın 26-da Xocalı soyqırımının ildönümündə tamaşaçılara təqdim edilib”.
Bildirilib ki, bölümdə Azərbaycan xalqının son 30 illik istiqlal tarixindən, Qarabağın işğaldan azad edilməsindən, həmçinin, Osmanlıdan Türkiyəyə qədər bir millət – iki dövlət anlayışı, Azərbaycan xalqının öz bayrağını azad şəkildə dalğalandırması üçün verdiyi fədakarlıqlar, tarixə düşən qəhrəmanlıq hekayələrindən bəhs edilib. Bu bölmə daha sonra yenidən yayımlanacaq.
Müsahibimiz sonda, “bu sənədli filmlə gündəmə gətirmək istədiyimiz, köklü bir tarixə malik olan türk millətinin yaşadığı zülmlərə, qırğınlara, soyqırımlara baxmayaraq müstəqilliyindən əsla vaz keçmədiyini və övladlarına müstəqil bir vətən qoyub getmək üçün hər cür fədakarlığa dözdüyünü sənədlərlə bütün dünyaya bəyan etməkdir. Bu sənədləri təqdim etməkdə məqsədimiz oturub ağlamaq deyil, bir daha belə zülmə məruz qalmamaq üçün birlikdə hərəkət etmək və ortaq gələcək qurmağın zəruriliyini ortaya qoymaqdır. Biz birlikdə güclüyük. Köklü keçmişdən aldığımız güclə birlikdə güclü gələcək qura bilərik” deyib.