Son yeniləmə: 2 Mart 2023 11:35
Mahmud Bilgin: Bir gün xalq bunun da hesabını fars-molla rejiminin təmsilçilərindən soracaq
BAYRAQDAR MEDİA – “İranın milli valyutasının getdikcə dəyər itirməsinin kökündə dayanan səbəb bəllidir. İran iqtisadiyyatı dağılmağa doğru gedir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.
Onun sözlərinə görə, İran tarixində milli valyutanın dəyərdən düşməsinə görə zaman-zaman edam cəzalarının tətbiq olunduğuna dair faktlar var: “İllər öncə sultani-sikkə deyilən qızıl pulun dəyərdən düşməsinə görə Vahid Məzlumianı edam etdilər. Çünki o zaman sikkə 2 milyon tüməndən 4 milyon tümənə qalxmışdı. İndi isə sikkə 31 milyon tümən olub. Yaxud, başqa bir misal çəkim. Cəmşid Bismillah adlı birisi vardı. İran valyutası dəyər itirəndə onu tutdular ki, bu qiymət düşməsi bazarda dəllalların oyunudur. O zaman dollar 1500 tüməndən 29 min tümənə qalxmışdı. Bu gün isə vəziyyət daha acınacaqlıdır. Çünki bu gün bir dollar 53 min tüməndir”.
Müsahibimiz İran milli valyutasının xüsusilə də son iki ayda sürətli şəkildə dəyər itirdiyini bildirib: “Lakin İran milli valyutasi təkcə ABŞ dolları qarşısında deyil, qonşu və kasıb Əfqanıstan valyutası qarşısında da dəyər itirib. Bunun səbəbini araşdırsaq bir sıra səbəblər ortaya çıxar. Bunlardan birincisi İrana beynəlxalq birlik tərəfindən embarqonun tətbiq olunması ilə bağlıdır. İkincisi ölkədə aylardır davam edən etiraz aksiyalarıdır. Məhz bu aksiyalar nəticəsində zavod və fabriklər fəaliyyətini dayandırıb. Yəni yerli istehsal dayanıb”.
M.Bilgin maraqlı bir məqama da toxunub. Onun sözlərinə görə, İranın fars-molla rejiminin təmsilçiləri hətta belə ağır vəziyyətdə də dövlətin, xalqın deyil, öz mənafeyini düşünür: “Təsəvvür edirsiniz, İran neft və qazını qaçaq yollarla da olsa xaricə dollarla satır. Amma xalqa pul ödəyəndə tümənlə verir. Tümənin dollar qarşısında dəyər itirməsini isə xalqın əməkhaqqının verilməsi zamanı nəzərə almır. Nəticədə xalq getdikcə daha da müflisləşir, rejimin təmsilçiləri isə gizli şəkildə varlanır. Amma bunun da bir həddi var. Bir gün xalq bunun da hesabını fars-molla rejiminin təmsilçilərindən soracaq. O gün isə uzaqda deyil”.
Bildirilib ki, proseslərin mövcud inkişafı ölkənin nəzarətdən çıxmasına yol açıb: “Bu isə xalqın gələcək aksiyalara daha çox qoşulmasına, aksiyaların isə daha da şiddətlənməsinə yol açacaq”.