Son yeniləmə: 2 Mart 2023 15:07
Məcid Cavadi: Zəngəzur məsələsində “ay aman, qoymayın, Türkiyə NATO-nu sərhədimizə gətirir” deyib yaxa cıran molla rejimi indi Ermənistan sərhədinə AB-nin yarımhərbi missiyasının gəlməsini lal-dinməz qarşılayır
BAYRAQDAR MEDİA – “İranın fars-molla rejimi hər zaman qeyri-səmimi siyasəti ilə fərqlənib. Bunu biz Azərbaycana və türk dünyasına münasibətdə daha çox görürük. Həm Vətən müharibəsi zamanı, həm də ondan sonra rəsmi Tehranın sərgilədiyi mövqe də bunu bir daha təsdiqlədi. Heç uzağa getməyək, fars-molla rejimi Ermənistanda yerləşdirilən Avropa Birliyi (AB) missiyasına da lal-susqun yanaşmaqla öz mahiyyətini nümayiş etdirdi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.
Xatırladaq ki, fevralın 20-də Avropa Birliyinin missiyası Ermənistanda fəaliyyətə başlayıb. AB bunu “mülki missiya” adlandırsa da fəaliyyətə başlayan gün yaydığı açıqlamada ilk dəfə olaraq etiraf edib ki, missiyada iştirak edən 100 nəfərdən 50-si “silahsız müşahidəçidir”. Bu o deməkdir ki, missiyanın yarısı silahlı şəxslərdən ibarətdir. Lakin başqa vaxtı səbəbsiz yerə “sərhəd”, “təhlükəsizlik” deyib çığır-bağır salan fars-molla rejiminin təmsilçiləri bu dəfə nədənsə lal-kar olublar.
M.Cavadi deyib ki, bu missiyaya heç bir etiraz bildirməməsi fars-molla rejiminin tamamilə ikiüzlü, həmçinin, anti-Azərbaycan və ermənipərəst siyasətini göstərir: “Təbii ki, İranın xüsusilə də 1925-ci ildən bəri reallaşdırdığı anti-Azərbaycan, antitürk siyasəti var. İranın fars şovinizmini reallaşdıran güclər Güney Azərbaycanı hər zaman özləri üçün təhlükə görüblər. Ona görə də həm Güney Azərbaycanlılara zülm ediblər, həm də Quzey Azərbaycana və Türkiyəyə qarşı çirkin siyasət həyata keçiriblər. Bu sırada işğalçı Ermənistanı dəstəkləyiblər və bu gün də dəstəkləyirlər. Zəngəzur məsələsində də İranın dirəniş göstərməsinin səbəbi türk dünyasının birləşməsinə mane olmaq istəyidir”.
Bildirilib ki, Zəngəzur məsələsində “ay aman, qoymayın, Türkiyə NATO-nu sərhədimizə gətirir” deyib yaxa cıran molla rejimi indi Ermənistan sərhədinə NATO-nun gəlməsini lal-dinməz qarşılayır: “Mən NATO ona görə deyirəm ki, əslində, AB missiyasında təmsil olunanlar elə NATO ölkələridir. Bəs fars-molla rejiminin təmsilçiləri, mediası, trolları indi niyə hay-küy salmırlar? Dediyim kimi, bütün bunlar İranın ikiüzlü siyasətinin növbəti bariz nümunəsidir. Bu həm də fars şovinizminin mahiyyətini ifadə edir. Mən bundan öncəki açıqlamalarımdan birində də qeyd etmişdim ki, Qasım Süleymani də vaxtı ilə türk dünyasının birləşməsinə mane olmaq üçün Ermənistana hər cür dəstək verib. Bunu da açıq şəkildə etiraf edib”.