Press "Enter" to skip to content

“Bakı KOB evi”ndə görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – Azərbaycanda səfərdə olan Qırğızıstanın Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti “Bakı KOB evi”ndə olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB evinin fəaliyyəti, burada sahibkarlara dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlər barədə ətraflı məlumat verib.

Qırğızıstanın Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arasında keçirilmiş görüşdə hər iki ölkənin iş adamları arasında mövcud əməkdaşlığa və bu əlaqələrin daha da genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Sonra KOBİA-nın təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Qırğızıstan nümayəndə heyəti və Azərbaycan iş adamları arasında görüş keçirilib. Görüşdə Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev, Qırğız Respublikasının Prezidenti yanında Milli İnvestisiya Agentliyinin direktoru Umbriel Temiraliyev və Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev iştirak ediblər.

Görüşdə Qırğızıstan nümayəndə heyəti tərəfindən bu ölkənin iqtisadiyyatına, müxtəlif sektorların potensialına və investisiya qoyuluşu imkanlarına dair məlumat verilib, Azərbaycan iş adamlarının Qırğızıstan iqtisadiyyatına və əməkdaşlıq imkanlarına dair sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.