Press "Enter" to skip to content

Xalq artistinin yubileyinə həsr olunmuş musiqi axşamı

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Fevralın 28-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli bəstəkar, Xalq artisti Oqtay Kazıminin 90 illiyinə həsr olunmuş konsert keçirilib.

Bu haqda MN-nin martın 1-də paylaşdığı xəbərdə bildirilib.

Xəbərdə deyilir ki, “əvvəlcə bəstəkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib. Oqtay Kazımi musiqi mədəniyyətimizdə öz dəst-xətti ilə seçilən bəstəkarlardandır. Bəstəkar böyük simfonik orkestr üçün “Azərbaycan rapsodiyası” (1962), “Qəhrəmanlıq simfoniyası” (1964), “Bayram uvertürası” (1976), proqramlı simfonik süita “Sumqayıt lövhələri (1977), “Şəhidlər” simfoniyası (1990), “Qarabağ lövhələri” (1992) simfonik süitası və s. əsərlərin müəllifidir. O.Kazımi eyni zamanda “Qılınc və qələm”, “Ümid”, “Danabaş kəndinin əhvalatları”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Şeyx Sənan”, “Ədirnə fəthi”, “Büllur sarayda” və başqa məşhur tamaşalara musiqilər yazıb”.

Sonra konsert proqramı təqdim olunub. Konsertdə Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Heydər Anatollu, solistlər Fəxri Kazım-Nicat, Aynur İsgəndərli, İlhamə Qasımova, Aytən Məhərrəmova, Ayşən Mehdiyeva, Mətin Rzazadə, Rövşən Qəhrəmanov, Taleh Yəhyayev və “Qaya” Dövlət Ansamblı çıxış edib.

Xəbərdə həmçinin, “proqramda bəstəkarın mahnıları səsləndirilib. İfaçıları Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri (bədii rəhbər – Xalq artisti Salman Qəmbərov) və ansamblı (bədii rəhbər – Mirxalid Salayev) müşayiət edib” deyə qeyd olunub.

Mission News Theme by Compete Themes.