Son yeniləmə: 1 Mart 2023 15:35
Dr. Yücel Karauz: Dünyanın siyasi, hərbi və qlobal məkanında “fay xətləri” qırılmaqla yeni “qlobal zəlzələlər”in meydana gəlməsinə yol açacaq
BAYRAQDAR MEDİA – “Dünya düzəni hər 50, yaxud 100 ildən bir həm iqtisadi, həm də təhlükəsizlik baxımından yenilənir. Birinci Dünya müharibəsindən sonra formalaşan dünya düzəni 1945-ci ildə – İkinci Dünya müharibəsindən sonra üç qütblü hala gəldi. ABŞ, SSRİ və Qoşulmama Hərəkatı dediyimiz, Çinin də içində olduğu üçüncü qütb formalaşdı. 1989-cu ildə Berlin divarının yıxılması və SSRİ-nin dağılması ilə birqütblü dünyaya keçid oldu. Lakin bu qlobal mübarizədə təkqütblü dünyanın qlobal aktorları çoxaldı”.
Bunu Rusiya Prezidenti Vladimir Putinin “Dünya dəyişməlidir, lakin Rusiya yalnız bir ölkənin – ABŞ-ın maraqları naminə yeni dünyanın qurulmasının əleyhinədir” sözlərini BAYRAQDAR MEDİA üçün dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Onun sözlərinə görə, hazırda beynəlxalq qeyri-hökumət təşkilatları, həmçinin bəzi beynəlxalq qurumlar da yeni dünya düzənində yer almaq, nüfuz sahibi olmaq üçün mübarizə aparır: “Təbii ki, ABŞ İkinci Dünya müharibəsindən sonra qurulan, 1989-cu ildən sonra daha da möhkəmlənən dünyaya hakimlik siyasətinin davam etməsi üçün səy göstərir. Lakin ABŞ daxilində də həm milli dövlət prizmasından, həm də qlobal aktorlarla mübarizə aparılır. Hazırda zəifləmiş Rusiya və getdikcə güclənən Çin bu məqamdan öz məqsədləri naminə istifadə etməyə çalışır. Rusiya və Çinin əsas istəyi çoxqütblü dünyanın formalaşmasına, bununla özlərinin də dünya düzəninə, ən azı bəlli bir coğrafiyaya təsir imkanlarına sahiblənməsinə nail olmaqdır. Elə sizin bəhs etdiyiniz V.Putinin açıqlamasının da mahiyyətində bu dayanır. Əslində, Rusiya-Ukrayna savaşının gerçək mahiyyətində də məhz bu məqam dayanır”.
Dr. Y.Karauz deyib ki, hazırda bu müharibənin gedişindən istifadə edən ABŞ NATO üzərindəki təsirini daha da artırmaq niyyətindədir: “Bu gün Əfqanıstandan, Suriyadan çəkilən ABŞ diqqəti həm də Asiya-Sakit Okean regionuna yönəldib. Bunun da əsas səbəbi, iqtisadi güc olan Çinin yaxın zamanda həm də hərbi güc olaraq önə çıxmasının qarşısını almaqdır. Dediyim odur ki, bu gün ilk baxışdan mübarizənin ABŞ-la Rusiya arasında getdiyi görünsə də, kökündə Birləşmiş Ştatların Çinlə mübarizəyə hazırlığı dayanır. ABŞ bu mübarizə başlayanda Rusiyanın, deyək ki, həm də Hindistanın hansı tərəfdə dayanmasını müəyyənləşdirmək istəyir. Təbii ki, bu məsələdə yeni formalaşan türk dünyasının da hansı tərəfdə duracağı çox önəmlidir”.
Bildirilib ki, məhz buna görə də yaxın zaman ərzində bəhs edilən ərazilərdə müəyyən hərəkətlənmələrin olması mümkündür: “Bəşəriyyət hər keçən gün Üçüncü Dünya mühairbəsinə doğru irəliləyir. Lakin bu öncəki müharibələr kimi sadəcə quruda və havada olmayacaq. Bu müharibə kosmosda da aparılacaq. Həmçinin geniş çaplı kibermüharibə olacaq. Bu zaman hibrid savaş taktikalarından da istifadə ediləcəyi qaçılmazdır. Bu müharibədə təkqütblü dünyanın tərəfdarı olan ABŞ-ın, yoxsa çoxqütblü dünyanın tərəfdarı olan ölkə və birliklərin qalib olacağını isə yaxın vaxtlarda atılacaq addımlar müəyyən edəcək. Bu məsələdə formalaşdırılmağa çalışılan oyuncaq terror dövləti, həmçinin, İranın gələcək dövlət forması də öz rolunu oynayacaq. Necə deyərlər, dünyanın siyasi, hərbi və qlobal məkanında “fay xətləri” qırılmaqla yeni “qlobal zəlzələlər”in meydana gəlməsinə yol açacaq”.