Press "Enter" to skip to content

Müəllimlərin işə təyinatındakı bu naqislik aradan qaldırılmalıdır

Azər HƏSRƏT

BAYRAQDAR MEDİA – Fevralın 17-də Siyəzən rayonu ərazisindəki bir avtomobil qəzası haqqında məlumatı dəyərli oxucularımız xatırlayır yəqin. Orada deyilirdi ki, qəzada iki xanım müəllim də dünyasını dəyişib. Sonrakı xəbərlərdə deyildi ki, qəzada daha bir nəfər həlak olub. Yəni cəmi üç nəfər.

Qəzadır, olur. Kaş ki, olmayaydı, amma olub, ölənlər ölüb. Yaralananlar da var.

Bizim diqqətimizi isə bir başqa məqam çəkmişdi. Sadəcə həmin günlərdə üzərinə getməyin düzgün olmayacağını düşündüyümüz üçün bir az ertələdik.

Xəbərlərdə deyilirdi ki, qəzaya uğrayan yeddi nəfər Bakı və Sumqayıt şəhərlərindən Siyəzən rayonunun kənd məktəblərində dərs demək üçün gələn müəllimlər imiş. Onlar həftənin bəlli günlərində birlikdə bu qədər uzun yolu keçərək məktəbə – işə gedirmişlər…

Elə məsələ də bundadır. Sual olunur ki, niyə Bakıda və Sumqayıtda yaşayan şəxslər işləmək üçün bu qədər uzaq bir yerə təyinat almalıdır?

Bunun özü bir ciddi qüsur deyilmi? Ümumiyyətlə, müəllimlərin təyinatında belə yanaşma nə qədər doğru və ədalətlidir?

Həlak olan müəllimlərdən ikisi gənc xanımlardır. Hərəsinin də iki uşağı var. İndi o uşaqlar anasız qaldılar.

Niyə? Kimin ucbatından?

Təhsil sistemindəki bu əcaib təyinat qaydaları üzündən!

Bəli, məhz belədir!

İnsan illərini verir, ali təhsil alır, müəllim ixtisasına yiyələnir. Özəlliklə də gənclər aşıb-daşır ki, müəllim işləsinlər. Günün birində bunları imtahana da çəkirlər. Sanki oxuyub bitirdikləri universitetin diplomunu şübhə altına alırlar.

Haşiyə: İmtahana qarşı deyilik. Mümkündür ki, bir şəxs illər öncə universiteti bitirib, amma müəllim işləməyib. Birdən düşünüb ki, gül kimi ixtisasım var, gedib müəllim işləyim. Hə, beləsini imtahana çəkmək olar. Amma bu il diplom müdafiə edərək, bütün imtahanları verərək uğurla universitet bitirəni də imtahana çəkmək məntiqli deyil axı. Heç olmasa universiteti bitirmiş gənclərin 3 il ərzində imtahansız müəllim işinə qəbuluna izn verilməlidir…

Sözümüz bunda deyildi əslində. Sadəcə yeri gəldi, bunu da dedik.

İndi yenidən o həlak olan müəllimlərin məsələsinə qayıdırıq. Onların həlak olmasının ilkin səbəbi heç də avtomobil qəzası deyil. Bu insanların həlak olmasına səbəb təyinatdakı anormallıqdır!

Məhz belədir. Adam imtahan verir, bəlli bir nəticə qazanır, ona deyirlər ki, sənin balın yetərli deyil, ancaq hansısa uzaq bir dağ kəndinə təyinat ala bilərsən. O da məcbur qalıb buna razılaşmalı olur.

Sonra nə olur? Sonra da o olur ki, insanın ailə düzəni, rahatlığı pozulur. Bakıda yaşadığı halda körpə uşaqlarını belə qoyub hansısa tanımadığı bir rayonun heç yerini bilmədiyi bir kəndinə getməli olur. Ki, təki işsiz qalmasın.

Anormallıq deyilmi?

Və belə bir durumda hansısa dağ başında yaşayan birisi də bir neçə bal artıq topladığı üçün gəlib Bakının tam da mərkəzindəki hansısa məktəbə işə düzəlir. Hətta elə hallar da var ki, aşağı bal toplayan kənd adamları belə necə olursa, Bakıda məktəbdə işə düzəlir. Amma onlardan daha artıq bal toplayan Bakılı, Sumqayıtlı rayona – dağ başına göndərilir…

Beləcə də ailələr zərbə altında qalır, düzən pozulur. Hətta yuxarıda sözünü etdiyimiz kimi, qəza baş verir, analar ölür, azyaşlı uşaqlar yetim qalır…

Kimdir bunun səbəbkarı?

Sistem!

Bəli, belə bir təyinat mexanizmi tətbiq edən sistem qüsurludur, insanları belə öldürür!

Ailələri dağıdır belə yanaşma! İnsanların düzənini pozur!

Nə və necə etməli? Əlbəttə ki, keçid balını toplayan hər kəs yaşadığı ərazidə, orda imkan yoxdursa, daha yaxın bir yerdə işlə təmin edilsin.

Həm də niyə az bal toplayanlar mütləq uzaq dağ kəndinə, hansısa rayona göndərilməlidir? Nədir, oradakı balalarımız ikinci növdəndir ki, onlara daha az savadı olanlar dərs keçsin? Onlar bu millətin övladları deyil? Yaxud da onların Bakıda, Sumqayıtda və başqa böyük şəhərlərdə yaşamaması daha aşağı təbəqədən olması deməkdir?

Qüsurlu yanaşmadır!

Sonda: Bir də bu məktəb direktorlarının 5 ildən bir yerinin dəyişdirilməsi var. Bunun da səbəbini anlamış deyilik. Bu yerdəyişmə zamanı da direktoru illərlə yaşadığı, evinin yerləşdiyi ərazidən başqa bir yerə, gediş-gəlişi problem olan tərəfə göndərirlər. Yenə də adamın rahatlığı pozulur, ailəsi problemlərlə üzləşir. Bu da qüsurlu yanaşmadır. Olmazmı ki, bir direktor işlədiyi məktəbdə özünü davamlı şəkildə doğruldursa, heç başqa yerə göndərilməsin? Adam direktor işləyir, iş yerinə çəki-düzən verir, 5 ilin tamamında yenə də 0-dan başlamalı olur…

Mission News Theme by Compete Themes.