BAYRAQDAR MEDİA – AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsi Akademiyanın elmi müəssisə və təşkilatlarında elektronlaşma işinin təşkili və gələcək perspektivləri ilə bağlı görüşlərə başlayıb. İlk görüş Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olub.
Bu haqda xəbər martın 1-də Ədəbiyyat İnstitutundan BAYRAQDAR MEDİA-ya daxil olub.
Xəbərdə bildirilib ki, “şöbənin müdiri, r.ü.f.d., Dos. Fariz İmranov və şöbənin əməkdaşı Elnur Eltürk Ədəbiyyat İnstitutunda bu sahəyə məsul şəxslərlə görüşərək müzakirələr aparıb. Görüşdə İnstitutun icraçı direktoru, f.ü.f.d., dosent Mehman Həsənli, elmi katibi, f.ü.f.d., Dos. Aygün Bağırlı, Elmi informasiya və tərcümə şöbəsinin müdiri, f.ü.f.d., Dos. Zakirə Əliyeva, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva və baş mütəxəssisi Pərvanə Kərimova iştirak edib”.
Daha sonra xəbərdə qeyd olunub ki, “görüş zamanı İnstitutun jurnallarının elektron vəziyyəti, onların beynəlxalq elmi bazalara daxil edilməsi perspektivləri müzakirə olunub. Eyni zamanda İnstitutda yeni könüllü “Vikipediya” qruplarının yaradılması, onların təlimə cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. “Google Akademik” və digər elmi platformalarla bağlı işlərin təkmilləşdirilməsinə həsr olunan seminarların təşkil edilməsi məqsədəuyğun hesab edilib”.