Press "Enter" to skip to content

Diasporumuzun ən utancverici mövzusu ayrıseçkilikdir

Şervin NƏCƏFPUR

Son yeniləmə: 2 Mart 2023 00:06

Güclü diaspor güclü Azərbaycan deməkdir. Lakin biz faciəvi komediya şouların şahidi olmağa davam edirik.

Şervin NƏCƏFPUR – qonaq yazar. Modelyer və Azərbaycan diaspor rəhbəri, Norveç

BAYRAQDAR MEDİA – Skandinaviyanın mirvarisi olan Osloda qəhvə fincanımdan içərkən sosial mediadan Azərbaycan diasporunun acınacaqlı inkişafını kədərli şəkildə izləyirəm. Diasporun əsas hədəfi lobbiçilikdir, özümüz deyib, özümüz eşitmək deyil ki.

On illər əvvəl həmvətənlərimiz dünyanın müxtəlif ölkələrində məskunlaşanda, bunun səbəbi müxtəlif səbəblərdən vətəni məcburi tərk etmələri olub. Vətəndən ayrı qalsalar da onların qəlbi hər daim vətənlə döyünüb, vətəndən kənarda doğulub boya-başa çatan övladlarına öz imkanları daxilində vətən sevgisi, ana dil və Azərbaycançılıq ideologiyasını aşılamağa nail ola biliblər.

Bu gün bu ifadələrimin nümunəsi gözünü vətəndən çox uzaqlarda açan və ən səmimi vətən və millət sevgisinə valideynlərin kədərli gözlərində şahidlik edənlərdir. Nə vaxt ki, Azərbaycanın dövlət himnini eşidirəm, gözlərim yaşarır. Çünki mən hər verdiyim nəfəsdə anlayıram ki, müstəqil bir Azərbaycan Respublikasına sahib ola bilməyimiz üçün millətimiz nələri qurban verməli olub.

Mən 31 yaşımda dərk edirəm ki, Azərbaycan türkləri tarix boyu müxtəlif siyasi-hərbi münaqişələrə cəlb olunub. Xüsusi ilə də Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri nəticəsində bütöv olan ərazilərimiz bölünüb, işğal olunub. Azərbaycan türklərinin ən qanlı səhifələri burdan başlayıb. Tariximizin hər səhifəsində erməni, rus və fars terrorçularının qan izlərinin olduğunu da anlayıram.

Bizim milli dəyərlərimiz, adət-ənənələrimiz və tariximiz düşmən qüvvələr tərəfindən strateji bir şəkildə silinirdi. Nə xoşbəxt bizə ki, vətənpərvər dəyərli şəxsiyyətlərimiz, dahilərimiz azərbaycançılıq ideologiyasını qoruduqları üçün 1918-ci ildə Şərqdə ilk demokratik cümhuriyyəti yaratdılar, 1945-ci ildə Güney Azərbaycan bir neçə ay olsa belə müstəqil dövlət qurdu, 1989-cu ildə Araz çayında sərhəd çəpərlərini sökməklə birliyə doğru ilk böyük addımımızı atdıq.

Birliyimizin simgəsi, qəlbi bütöv Azərbaycan ilə döyünən şəxslər üçün Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir. Bizim üçün azərbaycançılıq bir milli ideyadır və bunu yaşatmaq zəruridir!

…Yeri bəzəyən ağ qarı izləyib, qəhvə fincanımdan içib, dərin nəfəs alıb diasporumuzun reallıqlarını düşünürəm. Niyə bizim öz sahəsində çox böyük uğurlara nail olan, ürəklərində çox böyük vətən sevgisi olan çox perspektivli və innovativ həmvətənlərimiz, yeni nəsil Azərbaycanlıları tək-tək uzaqlaşdırıblar, küsdürüblər? Əslində, bu sualın cavabını düşünməkdən çəkinirəm. Çünki başıma gələn hadisələr tək-tək gözümün qarşısında canlanır.

Cəsarətimizi toplasaq, inanıram ki hər kəs həmfikir olacaqdır ki diasporumuzun ən utancverici mövzusu ayrıseçkilikdir. Problemin kökü ondadır ki, son illər diaspor sahəsində fəaliyyət çay süfrəsi, görüntü və yaltaqlıq üzərində qurulub. Fundamental ciddi işlər görənlərin əziyyəti qiymətləndirilmir, layiqincə media işıqlandırılması almır və hər daim çətinliklər və maneələr ilə üzləşir. Ədalətsizliyə qarşı səsinizi çıxarmaq üçün gücünüzü topladıqdan sonra nəticəni çox yüksək qiymət ilə ödəyirsiniz. Ədalətsizliyə qarşı etirazını bildirən hər kəs qara siyahıya əlavə olunur və hər yerdə onlara qarşı ciddi təzyiqlər edilir. Və onların etibarını şərh və böhtanlarla etibarsızlaşdırmağa çalışırlar…

Şəxslərə toxunmaq istəmirəm. Bilirəm ki, hər kəs mövzunun kimlərdən və nədən ibarət olduğunu yaxşı dərk edir. Bir çox dövlət məmurlarımız əsl kimliklərini maskanın altında gizlədirlər və elə bilirlər ki bizlər görmürük. Onlar əsla başa düşmürlər ki, biz hər daim hər şeyi görür və müşahidə edirik. Həqiqəti söyləməkdən də qorxmuruq. Çünki cənab Prezident İlham Əliyev dəfələrə ifadə edib ki, heç bir məmur qanundan üstün deyildir.

Roseslottet (Osloda Qızılgül Muzeyi). Şuşa İlinə həsr edilmiş mədəniyyət günündən
Roseslottet (Osloda Qızılgül Muzeyi). Şuşa İlinə həsr edilmiş mədəniyyət günündən

Egolar dövlətimizin maraqlarına və diasporun əziyyətli zəhmətlərinə kölgə saldı. Müşahidə etdiyimiz, “vətəndən-millətdən mənə nə” deyənlərin, ana vətənlərini bir vətəndaşlıq üçün satanların bazarlarına xeyirli-uğurlu gəldi. Bəli, hazırkı vəziyyət – dövlətimizin büdcəsi hesabına necə gəzib, yeyib, içib, iki selfi çəkib nəticəsiz iş görə bilərik – Azərbaycan diasporunun yeni dəbinə çevrilib. Azərbaycan diasporu ən qorxunc günlərini yaşayır və biz faciəvi komediya şouların şahidi olmağa davam edirik. Bu qaçınılmaz bir acı həqiqətimizdir.

Güclü diaspor güclü Azərbaycan deməkdir. Və bunun üçün güclü lobbiyə və birliyə ehtiyacımız var. Cənab Prezidentimizin və birinci vitse-prezidentimizin böyük dəstəyi və bizlərə ayırdıqları vəsait ilə bu, əslində, mümkündür. Hər ölkədə olduğu kimi, Azərbaycanın diaspor ulduzlarını kəşf edib onlara dəstək vermək zəruridir! Fərqlərimizi bir kənara qoya bilsək xaricdə doğulan uşaqlar gələcəyin potensial diaspor rəhbərləri və nümayəndələridir. Diaspor gəncləri bizim ən böyük insan kapitalımızdır. Gənclərimiz miqrasiya, sosial inteqrasiya, ölkələr arasında güclü münasibətlər və mədəniyyət körpülərinin artması üçün mühüm rol oynayırlar. Bu nəsil, müxtəlif sosial media platformaları vasitəsilə artan informasiya müharibəsində aktiv iştirak edirlər və bir çox nəticəsiz layihədən daha çox uğurlara nail olurlar. Çünki bizlər doğulduğumuz ölkənin mentalitetinə və sisteminə uyğun addımlar atırıq və beləcə də haqq səsimizi tam ünvana çatdırırıq. Təsəvvür edin, biz bundan tam yararlana bilsək, artıq dünya bizim həqiqətlərimizi eşidəcək, bizə qarşı qara yaxanları qınayacaq. Ona görə lobbiçilik bizim prioritetimiz olmalıdır.

Bu gün özünü güclü Azərbaycan diaspor nümayəndələri hesab edənlərin bəziləri çay süfrəsində yığışmağı xoşlayır. Onlara verilən hədiyyə biletlə vətəndə istirahət edib daha sonra özləriylə gətirdikləri təzə şirniyyatlar, mürəbbələr ilə yığışıb hava atırlar. “Filankəs mənim dostumdur” ifadəsi qulaqlarımızın daha çox eşitdiyi bir səsə çevrilib. Sosial şəbəkələrdə qarşımıza sıx-sıx çıxan şəkillər və yaltaq yazıların ardı-arası kəsilmir. Bəs nəticə haradadır sualı yaranır. Hər gün gözüm axtarır ki, bir xarici mətbuatda geniş xəbər və ya kiçik bir yazı bölüşülmüş olsun. Amma çox nadir hallarda bu, qarşımıza çıxır. Məni düz başa düşün: diaspor sahəsində prioritetlər hazırlanmalıdır, yaxın müddətli, orta müddətli və uzun müddətli məqsədlər müəyyən olunmalıdır. Bu sahədə islahatlar müəyyənləşdirilməlidir. Yoxsa 30-50 ölkədən bir yerə yığışan dünya Azərbaycanlılarını bir araya gətirib dövlətimizin diaspor sahəsinə ayırdığı maliyyəni nəticəsiz işə xərcləməyin özü də nəticəsizdir. Əgər heç bir ölkədə bir xəbər belə yayımlanmırsa…

Norveçin paytaxtı Oslonun, Aker Brygge bulvarında, Azərbaycanla Norveç əlaqələrinə və dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal ilə ümummilli lider Heydər Əliyev arasında olan dostluq münasibətlərinə həsr edilən “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgisində Oslo Meri Marianne Borgen
Norveçin paytaxtı Oslonun, Aker Brygge bulvarında, Azərbaycanla Norveç əlaqələrinə və dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal ilə ümummilli lider Heydər Əliyev arasında olan dostluq münasibətlərinə həsr edilən “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgisində Oslo Meri Marianne Borgen

Sədri olduğum CAN təşkilatını nəzərə alsam, missiyamız ölkələr arasında dialoq, şəffaflıq və dostluq münasibətləri qurmaqdır. Bununla yanaşı ən böyük istiqamətimiz lobbiçilikdir. Təşkilatımız bu sahədə də yarandığı 5 il ərzində çox böyük uğurlara nail olub. Biz xüsusilə İkinci Qarabağ müharibəsində Azərbaycanın haqq səsini fərqli, innovativ layihələrlə Norveçdəki yerlilərə çatdırmağa çalışmışıq.

Bəli, bir aktiv diaspor üzvü olaraq həyata keçirdiyimiz layihələrin unikal və innovativ olduğunu bilirəm. Ancaq bu yetərli deyil. Hər şey gəlir-maliyyə məsələsinə dayanır, lazımi qurumlardan dəstək görə bilmirik, maneələr yaradırlar və bizləri motivasiya edəcəkləri yerdə həvəsdən və ruhdan salmağa çalışırlar. Lakin buna baxmayaraq öz missiyamıza sadiq qalıb yolumuzda yürüyür, doğma Azərbaycanımızın inkişafı naminə bütün gücümüzü sərf edirik. Bizimlə eyni taleyi bölüşən çoxlu insanların və qurumların əziyyətlərini sosial mediadan izləyib qürur hissi keçirirəm. Həmin təşkilatlardır ki, jurnalistlərlə və deputatlarla vətənimizə uğurlu səfərlər həyata keçirirlər və düzgün nəticə eldə edirlər. Bəs niyə bunların hamısı diqqətdən kənarda qalırlar?

Ən son olaraq, yaşadığımız ölkənin mediası barədə fikirlərimi qısa ifadə etmək istəyirəm. Mediada yayımlanmayıbsa, gördüyümüz iş, əslində, nə dərəcədə effektiv olub? Bəli, başa düşürəm ki, xarici mətbuatda yer almaq çətindir. Ancaq mən Norveç kimi radikal ölkənin mətbuatında məlumat və məqalə yerləşdirə bilirəmsə, bu, başqa ölkələrdə daha da asandır axı. Bəs necə olur ki, bizim tədbirlərimizin böyük bir hissəsi Norveç mətbuatında işıqlandırılır, hətta Dünya Azərbaycanlıların Qurultayındakı iştirakım barədə Norveç qəzetində məqaləm dərc olunur, ancaq 30-50 ölkədən bir yerə yığışan dünya Azərbaycanlıların nümayəndələri 5 ölkədə bir xəbər yayımlaya bilmirlər? Səbəb budur ki, bəziləri çay süfrəsində iki selfi çəkib dedi-qodu etməklə məşğuldurlar. Arzu edirəm ki, bu yazımı oxuyanlar da bizdən ilham alıb eyni addımları yaşadıqları ölkələrdə atsınlar! Bu, mənim dünya Azərbaycanlılarına olan çağırışımdır.

Mission News Theme by Compete Themes.