Press "Enter" to skip to content

Bütün bunların mərkəzində İranın türk düşmənçiliyi dayanır

Əlirza Abdullahi

Son yeniləmə: 1 Mart 2023 13:14

Əlirza Abdullahi: Şiəçilik sadəcə fars şövinizminin maraqlarının təmin olunması üçün bir vasitədir

BAYRAQDAR MEDİA – “Əslində, bu xəbər Güney Azərbaycanlı olaraq bizi heç də təəccübləndirmir. O mənada ki, İranın fars-molla rejimi əzəldən Ermənistana bütün dəstəyi göstərib. Bu gün də eyni dəstəyi davam etdirir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında hazırda ABŞ-ın Florida Ştatında yaşayan Güney Azərbaycanlı milli fəal Əlirza Abdullahi deyib.

Fars-molla rejiminin şiəçiliyi də saxtadır

Onun sözlərinə görə, ümumiyyətlə terrorçulara, işğalçılara dəstək fars-molla rejiminin əsas mahiyyətini təşkil edir: “Terrorçulardan söz düşmüşkən, İran PKK terror təşkilatının qolu olan PEJAK-a qucaq açıb. Bu ölkə bu terror qrupunun xüsusilə Güney Azərbaycan torpaqlarında möhkəmlənməsi üçün açıq-gizli dəstək verir. Səbəb də bəllidir. Türk düşmənçiliyi. Çünki PEJAK bir tərəfdən Türkiyəyə qarşı döyüşür, digər tərəfdən də Urmiya mərkəz olmaqla Qərbi Azərbaycanı özünün xəyali “Kürdüstan” sərhədinə daxil etmək üçün fəaliyyət göstərir”.

Ə.Abdullahi bildirib ki, bu, İranın kürd terrorçularına, PKK-ya olan sevgisinin heç də yeganə nümunəsi deyil: “Türkiyəyə qarşı terror aksiyaları və hücumlar təşkil edərkən yaralanan PKK terrorçularının İrandakı xəstəxanalarda müalicə almasına dair bir çox faktlar var. Qeyd edim ki, Urmiyada İran İnqilab Keşikçilərinə məxsus bir xəstəxana var və İran, terrorçuları məhz orada müalicə edir. Bununla bağlı məlumatlar uzun müddət mətbuatın baş xəbəri oldu. Yəni deməyim odur ki, İran Türkiyənin, Azərbaycanın, ümumilikdə türk dünyasının əleyhinə olan bütün çirkli işlərdə öndə olur”.

Müsahibimiz də hesab edir ki, İranın Ermənistana dəstəyi fars-molla rejiminin bir başqa baxımdan da ifşasını gerçəkləşdirir: “Söhbət rejimin şiəçilikdən öz qara məqsədləri üçün istifadə etməsindən gedir. Yəni fars-molla rejimi özünü nə qədər guya şiəçiliyin, İslamın keşikçisi adlandırsa da realda bircə amala xidmət edir. Bu da fars şovinizmidir. Şiəçilik sadəcə fars şovinizminin maraqlarının təmin olunması üçün bir vasitədir. Əgər belə olmasaydı o zaman İran müsəlman azərbaycanlıları qətlə yetirən, Azərbaycanı işğal edən xristian Ermənistana, bu ölkənin işğalçılıq siyasətini yerinə yetirərkən yaralanan əsgərlərə yardım etməzdi. Yaxud İran gerçəkdən də İslamın müdafiəsində olsaydı, 30 il ərzində Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında məscidlərin təhqir olunmasına göz yummazdı. Ən nəhayət, İran necə müsaəlmanların müdafiçisidir ki, Güney Azərbaycan türklrəinə hər cür zülmü edir? Bir sözlə, suallar çoxdur. Amma bu sualların cavabı da bizə aydındır. Dediyim kimi, bütün bunların mərkəzində İranın türk düşmənçiliyi dayanır”.

Mission News Theme by Compete Themes.