Yeganə Hacıyeva: Vladimir Putinin uzlaşma təklifinin indiki məqamda ABŞ tərəfindən qəbul ediləcəyi inandrıcı deyil
BAYRAQDAR MEDİA – “Son illər iki ölkə arasında münasibətlər kəskin gərginləşib. Bu gərginləşmə SSRİ dağılandan sonrakı tarixdə pik həddə çatıb. Ümumiyyətlə, ABŞ və Rusiyanın ən yeni tarixdəki münasibətlərinə nəzər yetirsək, bu gərginləşmə 2008-ci ildən artan və azalan xətt üzrə mövsümi olaraq davam edir. Hazırda ABŞ və Rusiyanın münasibətləri ən gərgin zamanlarını yaşayır”.
Bunu Rusiya Prezidenti Vladimir Putinin “Dünya dəyişməlidir, lakin Rusiya yalnız bir ölkənin – ABŞ-ın maraqları naminə yeni dünyanın qurulmasının əleyhinədir” sözlərini BAYRAQDAR MEDİA üçün şərh edən politoloq Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, son illər ABŞ-ın Rusiyaya münasibətdə mövqeyi ondan ibarət idi ki, Rusiya ABŞ demokratiyasını parçalamaq, dağıtmaq üçün sistemli fəaliyyət göstərir: “Eyni zamanda da Rusiya ABŞ-ın daxilində cəmiyyəti parçalamağa, ekstremizmin mobilləşməsi və siyasiləşməsinə çalışır. Ukraynadakı müharibəyə qədər ABŞ hesab edirdi ki, Rusiya Ukrayna məsələsində haqsızdır. Buna görə də prinsipal məsələlər kimi Ukraynanın ərazi bütövlüyü və Rusiya daxili insan haqları məsələsini daha da qabardırdı. İndi isə ABŞ Rusiyadan işğalçı kimi təkcə Ukraynanı deyil, həm də Avropanı müdafiə etmək məqsədi güdür”.
Y.Hacıyeva hesab edir ki, V.Putinin uzlaşma təklifinin indiki məqamda ABŞ tərəfindən qəbul ediləcəyi inandırıcı deyil: “2008-ci ildə Rusiya Gürcüstan ərazisinə soxulanda məhz Tiflis yaxınlığından qoşunları çəkmək üçün Qərbdən çox milyardlıq razılaşmalar əldə etdi. Qərb, xüsusi ilə ABŞ bu razılaşmaya post-sovet ərazilərində öz nüfuzunu qorumaq üçün razılaşdı. Eyni zamanda Rusiya, 2014-2015-ci illərdə Ukrayna ərazisinə soxulmaqla atəşkəs üçün ABŞ-la müəyyən razılaşmalar əldə etdi. Ancaq Rusiya Ukraynadakı bu dəfəki hesabında yanıldı. İndi uzlaşma mövzusunda ABŞ-ın bu istiqamətdə təklif edəcəyi bir şey yoxdur ki, o Rusiyanı maraqlandırsın. Rusiyanı maraqlandıra biləcək təklifi isə ABŞ etməyəcək”.