Press "Enter" to skip to content

Peru Konqresindən Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Peru Konqresində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb və faciə ilə bağlı bəyanat təqdim olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 28-də Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı keçirilən tədbirdə Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Peruda akkreditə olunmuş səfirlər və səfirliklərin əməkdaşları, universitetlərin və yerli KİV-lərin nümayəndələri iştirak ediblər: “Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən səfirliyin əməkdaşı Mehdi Məmmədov Xocalı soyqırımı və erməni təcavüzünün tarixi haqqında məlumat verərək, bu qətliamın və onun acı nəticələrinin unudulmamasının, habelə gələcəkdə oxşar faciələrin baş verməməsi üçün günahkarların layiqli cəzalandırılmasının önəmini vurğulayıb”.

Məlumata əsasən, diplomat Xocalı faciəsinə lazımi hüquqi qiymət verildiyini, bir sıra ölkələrin parlamentləri, o cümlədən Peru Konqresi tərəfindən Xocalı soyqırımını tanıyan sənədlərin qəbul edildiyini diqqətə çatdırıb, bu məsələdə ədalətli mövqe və həmrəylik nümayiş etdirdiyi üçün Peru tərəfinə minnətdarlığını bildirib.

Qeyd edilib ki, Konqresin Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Luis Arturo Aleqria Qarsia çıxış edərək Xocalıda həlak olmuş soydaşlarımızla bağlı Azərbaycan xalqına başsağlığı verib. O, belə faciələrin yenidən baş verməməsi üçün təqsirkarların məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb. Luis Arturo Aleqria Qarsia Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında dərin iz qoyduğunu qeyd edərək, Peru Konqresi tərəfindən faciənin 31-ci ildönümü ilə bağlı qəbul edilmiş bəyanatın mətnini oxuyub.
Sənəddə çox sayda insanın qətlə yetirilməsi ilə nəticələnmiş Xocalı soyqırımı haqqında məlumat verilib, 2013-cü ildə Peru Konqresi tərəfindən qəbul edilmiş sənəddə bu soyqırımının pisləndiyi bildirilib. Azərbaycan üçün ağrılı bir səhifə olan Xocalı faciəsinə Perunun da laqeyd qala bilmədiyi qeyd olunub və bu amansız qətliamın bir daha heç bir dövlətin tarixində təkrarlanmaması, eləcə də dünyada ədalət və həmrəyliyin bərqərar olması üçün xalqlarımızın birgə çalışmalı olduğu vurğulanıb.

Sonda Xocalı soyqırımının 31-ci ildönümü və bu qanlı faciənin qurbanlarının yad edilməsi ilə bağlı Azərbaycan xalqına başsağlığı ifadə olunub.

Tədbir zamanı Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilib, iştirakçılara qanlı faciənin tarixinə dair broşür və materiallar təqdim olunub.

Mission News Theme by Compete Themes.