BAYRAQDAR MEDİA – Novruz bayramı ilə əlaqədar təhlükəsizlik qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciəti edib.
Bu haqda xəbər fevralın 28-də FHN-dən BAYRAQDAR MEDİA-ya daxil olub.
Xəbərdə bildirilib ki, “Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə yaşadan və hər kəs üçün əziz olan Novruz bayramı ilə bağlı müxtəlif mərasimlər, o cümlədən çərşənbə axşamları təşkil olunan tədbirlər zamanı bir sıra hallarda yanğın təhlükəsizliyi qaydalarının pozulması sonda ağır fəsadlara, acı nəticələrə səbəb olur. Odur ki, Novruz bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır”.
Ardınca xəbərdə qeyd olunub ki, “bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, yandırılan şamlar nəzarətsiz qalmamalıdır”.