Məcid Cavadi: İşğalçılıq siyasətinə xidmət edən Ermənistana, onun işğalçı əsgərlərinə sərgilənən münasibət bu rejimin şiəçilik mahiyyətinin də saxta olduğunu bir daha ortaya qoyur
BAYRAQDAR MEDİA – “Bu məsələyə daha geniş spektrdən baxmaq lazımdır. Çünki məsələyə dar çərçivədən yanaşsaq ümumi vəziyyət barədə dolğun fikrə gələ bilmərik. O baxımdan ki, bu kömək istəyinin kökündə də İranın mövcud rejiminin türk dünyasına, Azərbaycana düşmən yanaşması dayanır. Mən bundan öncəki açıqlamamda Qasım Süleymani ilə bağlı məqamlara toxunanda qeyd etmişdim ki, proseslərin mahiyyətində fars şovinzmi dayanır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.
Xatırladaq ki, İranın əmək və sosial təminat naziri Seyid Sultan Mortazavi fevralın 27-də Ermənistana səfər edib. Səfər zamanı iranlı nazir deyib ki, ölkəsi 2020-ci ilin Ermənistan-Azərbaycan savaşında yaralanmış erməni əsgərlərinin müalicəsinə yardım etməyə hazırdır. O, qeyd edib ki, ölkəsi erməni əsgərlərinin bərpa-müalicə işlərində öz təcrübəsini təqdim etməyə, onlara yardımçı olmağa hazırdır.
Öz növbəsində M.Cavadi bildirib ki, əslində, erməniyönümlü siyasət fars şovinziminin, fars-molla rejiminin iç üzünü ortaya qoyur: “Bunlar şiəçiliyi öz məqsədləri üçün əllərində bayraq ediblər. Lakin ermənilərə, özü də işğalçılıq siyasətinə xidmət edən Ermənistana, onun işğalçı əsgərlərinə sərgilənən münasibət bu rejimin şiəçilik mahiyyətinin də saxta olduğunu bir daha ortaya qoyur. Çünki başqa vaxt bu molla rejiminin başbilənləri iddia edirlər ki, guya müsəlmançılığa, İslama xidmət edirlər. Amma bu necə müsəlmançılığa xidmətdir ki, İran İslam dininin daşıyıcıları olan Azərbaycanın yaralı əsgərlərini deyil, onlara və Allahın evinə güllə atan xristian Ermənistanın yaralı əsgərlərini müalicə etmək istəyir? Demək ki, burada şiəlikdən söhbət gedə bilməz. Sadəcə bu, fars şovinziminə xidmət edən bir siyasətdir”.
Qeyd edilib ki, fars-molla rejiminin ümumiyyətlə türk dünyası, o cümlədən Azərbaycanla problemi var: “Bu da bizdən deyil, molla rejiminin özündən qaynaqlanır. Onlar bizi düşmən gözündə görürlər. Yəni fars-molla rejimi sadəcə erməniləri sevdiyi üçün yox, Azərbaycanı və türk dünyasını zəiflətmək üçün bu addımı atır. Bunu rejimin rəsmiləri də açıq şəkildə etiraf edirlər. Bildirirlər ki, türk dünyasının birləşməsinin qarşısını almaq üçün Ermənistanı gücləndirməliyik. Hətta Azərbaycanla Türkiyənin birliyini ehtiva edən “bir millət – iki dövlət” şüarına qarşı İran-Ermənistan qardaşlığını ifadə edən “bir millət – iki mədəniyyət” şüarını irəli sürüblər”.
M.Cavadi, həmçinin, “İranın erməni sevgisindən danışarkən bir məqamı da vurğulamaq yerinə düşər. Daşnaksütun Partiyasının İran şöbəsinin Tehranda bir araşdırma mərkəzi və “Hoor” adlı mediası var. Bu mərkəz Tehranda nə qədər faşist və farsçı birlik varsa, onları toplayıb, bir konfrans keçirib. Orada belə də yazıblar: “iki svilizasiya – bir millət”. Fars molla rejimi də bunlara sərbəst fəaliyyət göstərmək üçün hər cür şərait yaradıb” deyə əlavə edib.