Son yeniləmə: 28 Fevral 2023 22:20
BAYRAQDAR MEDİA – Rusiya Prezidenti Vladimir Putin fevralın 22-də “Dövlət dili haqqında qanun”a dəyişikliklərlə bağlı yeni qanunu imzalayıb. Rusiya Dövlət Dumasının fevralın 16-da qəbul etdiyi və Prezidentin olduqca təcili imzaladığı bu qanunla “rus dilinə uyğun olmayan” sözlərdən istifadə yasaqlanır…
Qanunun mətni tam olaraq Rusiyanın rəsmi hüquq informasiya portalında fevralın 28-də dərc edilib.
Nə deməkmiş bu dəyişiklik?
Dəyişikliyə görə, rus dilindən dövlət dili kimi istifadə edilərkən müasir ədəbi ruscanın normalarına uyğun olmayan söz və ifadələrdən istifadəyə yol verilməyəcək. O cümlədən də vulqar ifadələrin istifadəsi yasaqlanır. Yalnız rus dilində qarşılığı olmayan ümumişlək xarici sözlərin istifadəsi yol verilən hesab edilir. Həm də belə sözlər müvafiq lüğətlərdə yer almış olmalıdır.
Belə baxanda, Rusiyadır, öz dilinin qayğısına qalır, başadüşüləndir. Amma burada bir əmma olmasaydı!
Rusiya imperiya dili olan ruscada hətta yabançı sözlərin belə minimuma endirilməsi üçün sərt qanunlar qəbul edərkən, digər dillərin sıxışdırılması üçün də əlindən gələni edir.
İllərdir bizim kimi türk olan tatarların, başqurdların, çuvaşların, xakasların, tıvaların, noqayların, qumuqların, qaraçayların, balkarların və başqa türk xalqlarının dili bu ölkədə rəsmən sıxışdırılır. Hətta o həddə ki, müstəqil türk dövlətlərindəki kimi bu xalqların da latın əsaslı əlifbaya keçməsi ayrıca qanunla yasaqlanıb!
Bəli, Rusiya adlı imperiya dövləti ruslardan başqa bütün millətlərin hüquq və azadlıqlarını qanunlarla yasaqlayır, məhdudlaşdırır!
Hələ bu bir yana, üstəlik də 2022-ci ilin 24 fevralında Ukraynaya qarşı başlatdığı əsassız təcavüzdə də Rusiya məhz türk xalqlarını ön xəttə göndərib soyqırım törədir!
Bizsə nə edirik? Ölkəmizdə cəmi 120 min rus yaşadığı halda dövlət hesabına rus olmayanları belə rus dilində oxuduruq!
Azərbaycanda dövlət hesabına 160 min şagird rus dilində təhsil alır! Bu, fəlakətdir! Bu, ölkənin altına qoyulan bombadır!
Artıq müstəqil dövlətik və özümüzə hörmət etməli, gərək olmadan rus məktəblərini maliyyələşdirməni dayandırmalıyıq. Əgər kiməsə bu məktəblər həqiqətən də lazımdırsa, zəhmət çəkib pullu oxusunlar.
Azərbaycan: rusların sayı 120 min, rusca oxuyanların sayı 160 min…