BAYRAQDAR MEDİA – Ermənistanın işğalından azad edilmiş Azərbaycan torpaqlarında məskunlaşma davam edir. Müvafiq qurumların fevralın 28-də yaydığı məlumata görə, artıq Zəngilanın Ağalı kəndinə yeni ailələrin dönüşü gerçəkləşdirilir.
Məlumatda qeyd edilir ki, Ağalı kəndinə böyük qayıdışın 3-cü mərhələsi çərçivəsində ümumi sayı 94 nəfərdən ibarət olan 20 ailə doğma yurda dönür.
Bu ailələrdən 10-u (50 nəfər) fevralın 28-də, daha 10-u (44 nəfər) isə martın 3-də Ağalıya dönəcək.
Ümumilikdə isə Ağalı kəndinə bu günə qədər 86 ailə – 420 nəfər köçürülüb.
O da bildirilir ki, köçürülənlərin böyük kəsimi əsasən ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlərdir. Onlar Ağalı kəndində peşə və bacarıqlarına uyğun işlə təmin edilirlər. Əsasən dövlət qurumları, iaşə obyektləri, tikinti və tikiş sahəsində işləyəcək sakinlər bununla da öz maddi təminatını gerçəkləşdirəcək.
Əlavə olaraq qeyd edilir ki, Ağalıya qayıdan əhali üçün dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. mövcuddur.
Köç prosesi irəlidəki aylarda da davam edəcək.
Qeyd edək ki, Ağalı yenidən qurulduqdan sonra ilk sakinlər 2022-ci ilin iyul ayında kəndə qayıdıb.