Press "Enter" to skip to content

“Xocalı soyqırımı – çıxarmalı olduğumuz dərslər” müzakirə edilib

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Azərbaycan Bütövlük Platformasının təşkilatçılığı ilə “Xocalı soyqırımı – çıxarmalı olduğumuz dərslər” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə giriş sözü söyləyən ABP İdarə Heyətinin sədri Bəhram İsmayılov Xocalı qurbanları haqqında fikirlərini ifadə edib. Sonra Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilərək dəyirmi masa Azərbaycan Dövlət Himni ilə işinə başlayıb.

Ardınca tədbirin əsas məruzəçisi, jurnalist, TV aparıcısı Kamran Həsənli çıxış edərək bu soyqırımı törədənin əsasən Rusiya olduğuna diqqət çəkib. Xocalıda baş verənləri hərbi faciə, hərbi cinayət adlandıran K.Həsənli bu faciənin Azərbaycan xalqını daha da mətin etdiyini bildirib.

Natiq eləcə də son illərdə gənclərin milli kimliyini daha çox anlamağa başladığını bildirərək, 44 günlük müharibədə də Xudayar Yusifzadə və onun kimi mərd oğulların vətənpərvərliyindən, türkçülüyündən söz açıb.

“Biz Rusiyanın çöküşünə nail olmalıyıq” deyə qeyd edən jurnalist, Rusiya məğlub olarsa, bu zaman onun yerində türk dövlətlərinin yaranacağını və bununla Turanın yenidən qurulacağını bildirib.

O, həmçinin böyük etnosların heç vaxt ölmədiyini diqqətə çatdırıb.

Çıxışı zamanı Ukrayna müharibəsinə də toxunan K.Həsənli, “bizim xalq birmənalı olaraq Ukraynanın yanındadır” deyə bildirib.

Daha sonra faciənin canlı şahidi, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri, yazıçı, publisist Səriyyə Müslümqızı faciə zamanı yaşadıqlarını, Xocalı dəhşətlərini tədbir iştirakçıları ilə bölüşüb, bu faciədə ailə üzvlərindən dörd nəfəri itirdiyini deyib. Faciə zamanı ölənlərin göstərildiyi rəqəmlərdən daha çox olduğunu bildirən publisist bu zaman Rusiyanın 366-cı motoatıcı alayının əsas rol oynadığını qeyd edərək ermənilərin bu faciəni törədəcəyi cəsarətə malik olmadığını bildirib.

Ardınca çıxış edən “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Xocalı faciəsinin dünya miqyasında, beynəlxalq arenada daha geniş şəkildə tanıdılmalı olmasından söz açıb.

Görüşdə çıxış edən ABP İdarə Heyətinin üzvü, tarixçi Gülşən Məmmədoğlu sözügedən faciənin, o cümlədən Azərbaycan tarixindəki faciələr silsiləsinin Türkmənçay müqaviləsindən başladığını bildirərək, Azərbaycan xalqının öz müqəddəratına sahib çıxmalı olduğunu deyib.

Digər çıxış edənlər Xocalı gerçəklərinin daha geniş araşdırılaraq dünyaya çatdırılmasından bəhs edib, eləcə də bu faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini bildirib. Eyni zamanda müvafiq fond yaradılması da təklif edilib.

Mission News Theme by Compete Themes.