Son yeniləmə: 27 Fevral 2023 13:17
İlham İsmayıl: Vladimir Putinin bu açıqlaması, əslində, Rusiyanın keçmiş SSRİ dönəmində olduğu kimi ikiqütblü dünyaya iddialı olduğuna dair mesaj olaraq dəyərləndirilə bilər
BAYRAQDAR MEDİA – “Vladimir Putin “Dünya dəyişməlidir, lakin Rusiya yalnız bir ölkənin – ABŞ-ın maraqları naminə yeni dünyanın qurulmasının əleyhinədir” deyəndə təbii ki, Rusiyanın ambisiyalarını da irəli sürür. Rusiyanın ambisiyaları imperiya ambisiyalarıdır. İmperiyalar yalnız öz sərhədləri ilə kifayətlənmirlər. Ətraf ölkələri də öz təsirləri altında saxlamaq istəyirlər”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib.
“Bu açıqlamanı Rusiyanın ABŞ-a “yeni dünyanı öz aramızda bölək” mesajı kimi dəyərləndirmək olarmı” sualımıza cavabında ekspert aşağıdakıları bildirib: “Hazırda Rusiyanın təsir imkanları ABŞ-ın imkanlarından fərqlidir. Rusiya hücum etməmiş, hər hansı ölkənin ərazisini tutmamış bunu edə bilmir. Amerika isə demokratiyanı əsas götürərək, əsasən bu xətlə irəliləyir. Düzdür, ABŞ da yeri gələndə İraq kimi dövlətə hücum edib. Bu hücumu da demokratiya ilə əsaslandırıb. Hərçənd ki, İraqa bu günə kimi də demokratiya gəlməyib”.
İ.İsmayıl deyib ki, bütün bunlara rəğmən Rusiya birqütblü dünyanın olmasına qarşı çıxdığını ortaya qoyub: “V.Putinin bu açıqlaması, əslində, Rusiyanın keçmiş SSRİ dönəmində olduğu kimi ikiqütblü dünyaya iddialı olduğuna dair mesaj olaraq dəyərləndirilə bilər. Sadəcə olaraq əgər SSRİ Kuba da daxil, dünyanın çeşidli yerlərinə iddia edirdisə, Rusiyanın indiki halda iddiası daha çox postsovet məkanınadır. Hazırda artıq Doğu Avropa deyil, postsovet məkanı uğrunda mübarizə gedir. Bu gün Baltikyanı ölkələr əlindən çıxsa da Rusiya Moldovanı, Ukraynanı, Güney Qafqaz və Orta Asiya respublikalarını heç cür itirmək istəmir. Hətta Gürcüstanla diplomatik əlaqələri pozulsa da bu respublikanı da keçmiş SSRİ dönəmində olduğu kimi öz təsiri dairəsində saxlamaq istəyir. Bir sözlə, Rusiyanın iddiası bu gün real olaraq postsovet məkanınadır. ABŞ isə bunun əleyhinədir. Təbii ki, NATO ölkələri də bu məsələdə Birləşmiş Ştatlarla həmrəydir. Amma sizin dediyinizdə də həqiqət var ki, V.Putin ən azı dünyanın bürqütblü olmasını dayandırmaq istəyir”.