Press "Enter" to skip to content

“Premyeralar paradı” olacaq

Son yeniləmə: 27 Fevral 2023 12:44

BAYRAQDAR MEDİAAzərbaycan Dövlət Akademik Musiqili Teatrı Peşəkar Milli Teatrın yaranmasının 150 illik yubileyi münasibətilə “Premyeralar paradı” layihəsi çərçivəsində üç yeni tamaşasını təqdim edəcək.

Teatrın paylaşdığı xəbərdə bildirilib ki, “layihə çərçivəsində təqdim olunacaq bu tamaşalar mart ayının 8-də və 11-də “Nəğməmə inan” (rus dilində), 9-da “Kimyagər (Azərbaycan dilində), 10-da isə “Anamın kitabı” (ingiliscə) nümayiş olunacaq”.

Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan “Nəğməmə inan” tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

Xəbərdə daha sonra deyilir ki, ”“Kimyagər” tamaşası görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər” əsəri əsasında hazırlanıb. Tamaşanın musiqisi Xalq artisti, bəstəkar Səyavuş Kərimiyə məxsusdur. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda səhnəyə qoyulan bu tamaşanın ikinci rejissoru Elməddin Dadaşov, quruluşçu rəssamı Sevinc Həsənova, xormeysteri Əməkdar artist Vaqıf Məstanov, rejissor assistenti Tamilla Aslanovadır. Musiqili Teatrda Mədəniyyət Nazirliyinin layihəsi olan “Anamın kitabı” tamaşası isə Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, tərcümə edəni Tərlan Rəsulov, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir”.

Saat 19:00-da başlayan tamaşalara biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.

Mission News Theme by Compete Themes.